Cəmiyyət

Məlum oldu ki, nazirlik müharibə şəraitində işləməyə hazır deyil… (EKSPERT)

“Bu gün Təhsil Nazirliyi nə fövqəladə vəziyyətə, nə də müharibə şəraitində işləməyə hazırdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, cəbhəyanı bölgələrdə 440 məktəbin fəaliyyəti dayandırılıb:

“Həmin məktəblər hərbi zonadadır. Nəzərə alaq ki, internet yox, məktəb də dayandı. Ümid ancaq teledərslərədir. Hamısının əlində kitabları var. Dövlət büdcəsinin vəsaiti hesabına 2004-cü ildən şagirdlərə dərsliklər pulsuz verilir. Əsas informasiya mənbəyi dərsliklərdir. Amma başqa məsələ var. Müharibə şəraitində, fövqəladə vəziyyət yaranarsa, Təhsil Nazirliyinin vəziyyətə əsasən planları olmalıdır. Təhsil də plan üzərində qurulmalıdır. Amma Azərbaycan təhsili bu gün normal şəraitə planlaşdırılıb. Axı həyat normal olmaya da bilər. Məsələn, pandemiya, müharibə şəraiti və s. Hazırda isə məktəb, onlayın dərs və internet yoxdur. Belə bir vəziyyətdə şagird tədrisi necə alsın? Bircə teledərslər var. Teledərslər nə qədər effektivdir? Birincisi, bu məsələdə cədvəl müxtəlifliyi var. Bu da böyük problemdir”.

Kamran Əsədov hesab edir ki, şagirdlər həm də oflayn sistemdə işləməyi bacarmalıdırlar:

“Biz təklif etmişik ki, şagirdlər oflayın sistemdə işləməyi bacarmalıdır. Məsələn, hansı mövzular çətindir, yaxud mənimsənilməsi faizi aşağıdır və s. mövzuların oflayın sistemdə rolu böyükdür. Hər şey onlayn sistem üzərində qurula bilməz. Bu gün Təhsil Nazirliyi nə fövqəladə vəziyyətə, nə də müharibə şəraitində işləməyə hazırdır. Planları da yoxdur. Elə bir fənn yoxdur şagird onu mənimsəmək üçün repetitor yanına getməsin. Bunun da səbəbi vaxtında planlaşdırmanın düzgün aparılmamasıdır”.

Bənzər yazılar

Back to top button