Hadisə

Həbsdə olan jurnalist tibb məntəqəsinə yerləşdirilib

Həbsdə olan jurnalist Polad Aslanov cəzaçəkmə müəssisəsinin nəzdindəki tibb məntəqəsinə yerləşdirilib. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova “Amerikanın səsi”nə bildirib.

Onun sözlərinə görə, Polad Aslanovda əsəb pozuntusu yaranıb, yuxusu pozulub: “O, son vaxtlar əsəb gərginliyindən, yuxusunun pozulmasından şikayət edirdi. Bir ay əvvəl ona sakitləşdirici həb və vitaminlər təyin olunub. Amma müalicə nəticə verməyib. Poladı bu günlərdə nevropatoloq müayinə edib. Həkim deyib ki, ya 1 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülməli, ya da Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilməlidir”.

Əsəb sistemində problemlərin yaranmasının səbəbinə gəlincə, Gülmirə Aslanova bunu saxlanma şəraitinin pis olması ilə izah edib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində 1000 məhbus saxlanılır və orada yemək bişirmək üçün cəmi üç plitə var.

“Bundan başqa, administrasiya Polad Aslanova əfv ərizəsi yazması üçün təzyiqlər göstərir”, – Aslaniova qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Amerikanın səsi”nə bildiriblər ki, bütün cəzaçəkmə müəssisələrində tibbi-sanitar məntəqələr fəaliyyət göstərir, yüksək peşəkarlıq səviyyəsinə malik həkimlər çalışır. Tibb məntəqələri zəruri tibbi avadanlıqlarla və dərman preparatları ilə təchiz edilib.

“Məhbusların müalicəsi həkim təyinatı əsasında həyata keçirilir”, – şöbədən bildiriblər.

Penitensiar Xidmət jurnalistə təzyiqlərin olması barədə fikri isə təkzib edib və əssassız adlandırıb.

Xeberman.com saytının redaktoru Polad Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini jurnalsiti azad etməyə çağırıblar.

Bənzər yazılar

Back to top button