Cəmiyyət

5 LİTİRİ 40 MANATA… – Zəm-zəm suyu Bakıya haradan və necə gətirilir?

Paytaxtda yerləşən bir çox dini mağazalarda və sosial şəbəkələrdə müalicəvi olduğu idia edilən Zəm-zəm suyu satılır. İslam inanclarına görə, müqəddəs hesab olunan Zəm-zəm suyuna təlabat böyükdür.

Məlumat üçün qeyd edək ki, Zəm-zəm Məkkə şəhərində, Kəbədən 20 kilometr şərqdə yerləşən bulaqdan axan sudur. Müqqəddəs kitabımız “Qurani Kərim”də bildirilir ki, bulaq min illər öncə İbrahim peyğəmbərin oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb. Hər il milyonlarla zəvvar Həcc ziyarəti zamanı bu sudan içir və özü ilə gətirərək yaxınlarına hədiyyə edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti Zəm-zəm suyunun ticarət məqsədi ilə ölkə xaricinə satışına icazə vermir. Buna baxmayaraq, sözügedən su Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İran və hətta Avropanın bir neçə ölkəsində satılır. Azərbaycanda satılan Zəm-zəm suyunun isə İranda qablaşdırılıdığı iddia edilir.

Zəm-zəm suyunun mənşəyini və keyfiyyətini öyrənmək üçün kiçik bir araşdırma apardıq. İlk öncə sosial şəbəkədə “Zəm-zəm dükanı” adlı səhifə ilə əlaqə saxladıq.

Satıcı bildirdi ki, suyun 240 qramı 3 manatdır: “Su mağazaya qablaşdırılmış formada gəlir. Suyun keyfiyyətinə gəlincə, hazırda ən təmiz bildiyimiz budur”.

Özünü Elşən kimi təqdim edən satıcı bir nəfərə 5 litrdən aşağı su satmadığını bildirdi: “Zəm-zəm suyunun 5 litri 40 manatdır. Zavod tərəfindən qablaşdırılıb, 5 litrlik qablarda hazır vəziyyətdə satılır. Bu su əgər şəfa niyyəti ilə içilsə, şəfa tapmaq olar”.

Paytaxtda yerləşən dini mağazalardan birində Rəsul adlı satıcı kiçik qabda olan suyu 4 manata satdığını bildirdi: “Bu su illərlə plastik qabda qalsa da, köhnəlmir, hər zaman istifadə etmək olar. Zəm-zəm suyu Rusiyanın Dağıstan vilayətində qablaşdırılaraq, Azərbaycana gətirilir”.

Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən xarici zəvvarların Məkkə və Mədinədəki ziyarətgahlarda iştirakına icazə vermir. Ziyarətgahda yalnız Səudiyyə Ərəbistanında yaşayan xarici və yerli vətəndaşlar iştirak edə bilirlər. Maraqlıdır, o zaman hazırda mağazalarda satılan Zəm-zəm suyu ölkəyə necə gətirilir?

Qida mütəxəssisi Ağa Salamov “AzPolitika.info”ya bildirib ki, müxtəlif şirkətlər suyu strelizə edərək onun ömrünü uzada bilirlər: “Bu yolla suyun saxlama müddəti 1 ilə qədər uzadılır. Amma əslində, içməli suyun saxlama müddəti çox azdır. Çünki suyun tərkibində bakteriyalar olduğundan, o, uzun müddət saxlanıldıqda həmin bakteriyalar çoxalmağa başlayır. Nəticədə də suyun keyfiyyəti aşağı düşür”.

Ekspert qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən, qida məhsulları plastik qabda saxlanılmamalıdır: “Lakin buna baxmayaraq biz görürük ki, mağazalarda satılan suların əksəriyyəti plastik qablardadır. Zəm-zəm suyu müqəddəs olsa belə, su tərkibli bir məhsuldur. Onun da tərkibində müəyyən qədər bakteriyalar var və uzun müddət saxlanıldıqda xarab ola bilər”.

A.Salamov xatırladıb ki, su gün şüalarını keçirməyən şüşə qablarda saxlanılsa yaxşıdır: “Bu zaman suyun istifadə müddətini bir qədər uzatmaq olar. Amma plastik qablarda satılan suyun ömrü qısalır və keyfiyyəti itir. Bunu adi ev şəraitində də yoxlamaq olar. Məsələn, bir qaba suyu töküb bir neçə gün gözləsək, həmin suyun iyləndiyini görəcəyik. Ona görə də, təmiz içməli suyun saxlama müddəti çox azdır”.

Heydər Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev isə “AzPolitika.info”ya bildirib ki, öz mənbəyindən çıxan Zəm-zəm suyu illər keçsə belə keyfiyyətini itirmir: “Bu, yoxlanılıb və aydın olub ki, 10-15 il keçsə belə suyun keyfiyyəti dəyişməyib. Amma məlumdur ki, su şüşə qablarda daha keyfiyyətli qalır, nəinki plastik qablarda. İslam dinində belə bir qadağa yoxdur ki, Zəm-zəm suyu və ya “Qurani Kərim” satıla bilməz. Elə insanlar var ki, Zəm-zəm suyu istəyir, amma əldə edə bilmir. Hansısa sahibkar müxtəlif yollarla bu suyu əldə edib mağazalarda satışa çıxarırsa, bununla bağlı şəriyyətdə “olmaz” hökmü yoxdur”.

İlahiyyatçı qeyd edib ki, Həcc ziyarəti və Ümrə ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsindən və ya şirkət tərəfindən hər bir zəvvara 5 litr su hədiyyə olunur: “Zəvvar özü ilə bundan artıq su gətirə bilməz. Amma kiçik qabda 1-2 litrdən artıq olmamaq şərti ilə, baqaj çantasında su gətirməyə icazə verilr. İndiyə qədər bir neçə dəfə Həcc və Ümrə rəhbər olaraq ziyarətgaha gedən zaman zəvvarların gətirdiyi suyu burda satdığının şahidi olmamışam. Bu satışı müəyyən sahibkarlar həyata keçirir. Ola bilər ki, hansısa şirkət təyyarə vasitəsilə suyu gətirir və burda müəyyən məbləğ qarşılığında mağazalara satır. 2020 və 2021-ci illərdə pandemiya şəraiti ilə əlaqədar Həcc ziyarəti baş tutmadı. Ehtimal olunur ki, hazırda mağazalarda satılan belə sular əvvəlki illərdə baş tutan Həcc ziyarətləri zamanı gətirilib”.

Bənzər yazılar

Back to top button