Cəmiyyət

Elmlər Akademiyasında ərzaq yardımı…

Şərif Ağayarın yazısı…

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Elmlər Akademiyasında bir qrup alimə ərzaq yardımı göstərilməsi sosial şəbəkələrin gündəminə bomba kimi düşdü…

Ümumilikdə bu tip xəbərlərin rezonans doğurması aidiyyatı qurumlar və şəxslər tərəfindən reallıq hissinin itirilməsi ilə bağlı olur. O qədər bivec işlər görülür ki, yaxşı bir iş görmək istəyəndə də əllərinə, üzlərinə bulaşdırırlar.
Azərbaycan cəmiyyəti köhnə və nasaz maşına bənzəyir. Bu cür maşınlarda problemlər adətən “xadavoy”dan müxtəlif cür səslərin gəlməsi ilə başlayır. Köhnə və nasaz maşınlar üzrə ixtisaslaşan ustalar analoji halda nəqliyyat vasitəsinin divar yanında, yaxud qoşa divar arasında işə salınmasını və səslərə diqqət edilməsini məsləhət görürlər.

Sosial şəbəkələr bizdə bax bu cür divar funksiyasını yerinə yetirir. Bütün xaric səslər anındaca eşidilib reaksiya doğurur. Əlbəttə, burada qaragüruhçular, söhbətin şişirdilməsində maraqlı olanlar da var, lakin ümumi istiqamət heç vaxt yanlış olmur.

Bir qrup alimə ərzaq yardımı iki divar arasında qalmış Azərbaycan elmindən eşidilən “sos” siqnalıdır.

Mənə görə xəbərin ən faciəvi tərəfi isə bax bu cümlədədir: “…ərzaq paylamaqla yanaşı onlarla maarifləndirici söhbətlər aparılıb…”

Alimə bayram sovqatı verib, sonra da onu maarifləndiriblər!

Bütün dünyada Elmlər Akademiyası ən ali qurumlardan sayılır. Misal üçün, heç yerdə dövlət orqanının aparat rəhbəri Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən üstün deyil. Nə qədər yüksək qurum olur-olsun, onun mərkəzi aparatına rəhbərlik edən şəxs dövlət məmurudur, səlahiyyətləri rəhbərlik etdiyi daxili sistemlə məhdudlaşır. Akademiyanın prezidenti isə bütün ölkənin elm sahəsinə cavabdeh olan ali şəxsdir və mənəvi baxımdan da çox yüksəkləri təcəssüm etdirir.

Lakin Azərbaycanda aparat rəhbərinin işdən çıxarılıb Elmlər Akademiyasına prezident göndərilməsi onun vurulması, hətta bəzilərinin düşüncəsinə görə aşağılanması hesab edilir.

Məşhur filmdəki məşhur fraza yada düşür: Mən qızımı istədiyinə ərə verərəm, kim olur-olsun: müəllim, fəhlə, slesar, daje kondidat nauk!

Hələ bu ifadələr elmə kifayət qədər qiymət verən sovet zamanının filmindəndir. İndi çəkilsə, paradoks kimi də maraqlı olmaz.

Dərd elmin problemləri ilə bitsəydi, nə vardı?

Azərbaycanda salamat bir sahə qalıb ki?

İşin hara düşür dəhşətli xəyal qırıqlığına uğrayırsan və öz-özünə düşünürsən:
Bir ölkədə bu qədər yarıtmaz adam olar?

Bir ölkə necə başdan-başa fırıldaqçılara icarəyə verilmiş ticarət obyekti kimi işləyə bilər?

Bir toplum necə bu günə qoyula bilər?

Bəzən özünü sehrli filmlərdəki kimi hiss edirsən. Nəyə əl atırsan qopub düşür və bu halda yalnız ələbaxan alimlərin müti vəziyyətini tənqid hədəfinə gətirmək adama ədalətsizlik kimi görünür.

İçlərindən diribaş biri o yandan qayıdar ki, guya özünüz yaxşı gündəsiniz?
Guya jurnalistlərin vəziyyəti alimlərinkindən çox fərqlənir?

Bəlkə, ədəbiyyatımız çiçəkləyib, xəbərimiz yoxdur?

Yoxsa tibb sahəsində insanlar özlərini güvəndə hiss edirlər?

Bəlkə, təhsil?

Bəlkə, məhkəmə sistemi?

Bizim maşın “xoda” düşür ki, divarın yanına sürüb harasından naqolay səs gəldiyini eşidək?

Hara lazımdı canımız çıxa-çıxa itələyib aparmırıqmı?

Bənzər yazılar

Back to top button