Dünya

Ukrayna meşələrində partizanlar hazırlanır – “Nyu-York Tayms”

Ukraynada mülki şəxslərə hərbi təlimlər keçilir. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır.

Qəzet təlimlərin paytaxt Kiyev yaxınlığındakı meşələrdə təşkil olunduğunu qeyd edir.

Məqsədin Ukrayna ordusuna mülki dəstəyi gücləndirmək olduğu vurğulanır.

Səbəb Rusiyadan gözlənən hərbi hücum təhlükəsidir.

Mülki vətəndaşlara hərbi təlim keçməklə Ukrayna hökuməti xalqı Rusiya ordusunun hücumuna hazırlayır. Hökumət istəyir ki, Ukrayna Silahlı Qüvvələri kimi mülki əhali də rus ordusu ilə mübarizəyə hazırlıqlı olsun.

“Nyu-York Tayms” yazır ki, Ukrayna son 20 ildə ABŞ-ın İraq və Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlardan da dərs çıxarıb. Həmin hərbi əməliyyatlarda partizanlar ABŞ ordusuna böyük müqavimət göstərə biliblər.

Ukrayna hökumətinin və mülki qurumlarının birgə təşkil etdiyi təlim proqramına vətəndaşlar könüllülük prinsipi ilə cəlb olunurlar.

Təlimlərə qatılan həkim Marta Yuzkiv “Nyu-York Tayms”a deyib ki, Ukrayna ordusu nə qədər güclü olsa da, bu, Rusiyadan qorunmağa tam kifayət etməyə bilər, müharibənin baş verməyəcəyinə ümid bağlayıb arxayınlaşmaq olmaz, ayıq-sayıq olmaq gərəkdir.

“Nyu-York Tayms” qeyd edir ki, Ukraynada ilk dəfə deyil mülki şəxslər ölkənin müdafiəsi işinə səfərbər olunurlar. 2014-cü ildə Ukraynanın şərqində – Donbasda Rusiyanın silahlandırdığı separatçılar hərəkətə keçəndə, Ukrayna ordusunda qarışıqlığın hökm sürdüyü bir zamanda könüllü dəstələr ölkənin müdafiəsində həlledici rol oynamışdı.

Sonradan həmin könüllü batalyonlar ordunun nəzdində Ərazi Müdafiə Qüvvələri adı altında ehtiyat qoşunlar kimi rəsmiləşdirildi. 2020-ci ildən Ərazi Müdafiə Qüvvələri hər həftənin sonları nizamlı ordunun köməyi ilə mülki vətəndaşlara hərbi təlimlər keçir.

Ərazi Müdafiə Qüvvələri komandanının müavini general Anatoli Barqileviç bəyan edib ki, Rusiya Ukraynaya yenidən hərbi müdaxiləyə cəhd etsə, onlar yüz min nəfərədək ukraynalı könüllünü cəbhə xəttinə çıxaracaqlar. General hazırda neçə könüllünün hərbi təlimə cəlb olunduğunu açıqlamayıb.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

Bənzər yazılar

Back to top button