Hadisə

Pullar Hacıbala Abutalıbovun adamı Zülfəliyə verilirmiş – Məhkəmə prosesi…

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə “FF-2011″MTK-nın rəhbəri Tamilla İbrahimovanın ifadəsi davam etdirilib. MTK rəhbəri deyib ki, 2013-2015-ci illərdə 3 dəfə tikintiyə icazə sənədini təsdiqlədib: “Mətbuatda elə yazırlar ki, sanki Dilarə Əliyeva 145 -i mən sökmüşəm. Orada iki ev vardı. Həmin ərazilərdə tikinti aparmağa icazə sənədim var idi. Şəhərsalma və Arxitektua Komitəsindən də mənə nə səhvim olduğunu deyən olmadı. Belə çıxır ki, bina tikənlər korrupsionerdilər? Hacıbala Abutalıbov özü düzgün işləməyib. Əgər düz işləsəydi, çağırardı tikinti şirkətlərini, deyərdi ki, bu formada tik. Ya da ki, heç kimi tikinti aparmağa qoymazdılar. Mənim 63 yaşım var. Bu yaşda məni indi buraya çağırmısınız. Bilmirəm nə deyim. Hacıbala Abutalıbovun yanında olanda ondan soruşdum ki, Rasim Quliyev kimdir? Onun imzasına görə mənim işimi niyə saxlayıblar. O da dedi ki, ola bilməz. Dedi, Rauf Pənahovdan sonra mən ona icazə vermişəm ki, öz nəzarətim altında sənədlərə imza atsın.

 

Tamilla İbrahimova

Mənə bir nəfər desin ki bu sənəd səhvdir, mən hər şeyi atıram kənara, təhvil verirəm.

İndi mən qalmışam çarəsiz. Axırıncı dəfə Hacıbala Abutalıbovun yanında olanda mənə dedi ki, mən heç nə edə bilmirəm, sənədi Eldar Əzizov ləğv edib. Şəhərsalma və Memarlıq Baş İdarəsi də dedi bizlik deyil. Mən də Eldar Əzizovu məhkəməyə verdim. Şəhərsalma və Arxitektura Komitəsindən bir nəfər vardı, bəlkə də indi sözünü geri götürər, o vaxt dedi ki, başınızı balta altına qoymayın, burada heç nə edə bilməzsiniz. Bu, ya ölüm məsələdir, ya qalım. İndi hamısı qorxurlar. Mən səkkiz ildir ki, telefonumu aça bilmirəm…”

T.İbrahimova deyir ki, bir dəfə baş memar Akif Abdullayevin işçisi Maarifin yanına gedib. Maaruf ona R.Quliyevin sərəncamının işləri dolaşığa saldığını deyib: ” Yenə deyirəm. Axı mənim o sərəncama nə ehtiyacım vardı? Mənim tikinti nişanım da vardı, tikintiyə sərəncamım da. Maarifə dedim mənə bu sənəd lazım deyil. O, isə cavabında “yox, lazımdı” dedi”.

Prosesdə çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi deyib ki, 2018-ci ildə Şəhərsalma və Arxitektura İdarəsi BŞİH-nin tabeçiliyindən çıxarılıb. Rasim Quliyev də ondan sonra tikintiyə sərəncam imzalayıb.

R.Quliyev isə bir daha həmin sərəncamı hazırlamadığını deyib. Bildirib ki, sərəncam ona qovluqda gətirilib. 2015-ci ildə “FF-2011” şirkətinə tikintiyə icazə barədə sərəncam verilib:

-O vaxt həmin sərəncamı mən imzalamamışam. Bilmirəm, mənim sərəncamıma nə ehtiyac olub?

 

Rasim Quliyev

BŞİH nümayəndəsi soruşub:

-Əgər ehtiyac yox idisə, niyə imzalayırdınız?

R.Quliyev sərəncam imza üçün ona təqdim edildiyini açıqlayıb:

-Mənə təqdim ediblər, mən də imzalamışam. Mən Tikinti və Arxitektura İdarəsinin əməkdaşlarına etimad göstərmişəm.

Şirkət rəhbəri T. İbrahimova isə bildirib ki, Rasim Quliyevin sərəncamı tikinti üçün əhəmiyyətsiz olub:

-Mənə kimin sərəncama qol çəkməsinin nə dəxli var. Ya Hacıbala çəksin, ya Eldar Əzizov ya da Rasim Quliyev. Mənə sənəd lazımdı ki, mən də həmin sənədləri 2015-ci ildə almışam. Bir daha deyirəm, mənim Rasim Quliyevin sərəncamına heç bir ehtiyacım olmayıb, bu gün də yoxdur.

Mən BŞİH-ə 2011-də müraciət etmişəm, 2012-də sərəncam almışam. Akif Abdullayevin işçisi Maarif adlı şəxs də sərəncamı gətirib verib mənə. Sərəncam verilmişdir ki, həmin ərazidə dörd bloklu bina tikilsin. O vaxtdan sakinlər küçələrdə qalıb. Yazıq deyilmi o insanlara? Mən sərəncamı, tikinti nişanının alanda Rasim Quliyevi tanımamışam”.

Şirkət rəhbəri əlavə edib ki, sərəncama görə, bina sakinlərini köçürməyi Bakı şəhər İcra Hakimiyyəti tapşırıq verib: “Tikinti aparmaq üçün bütün aidiyyəti qurumlardan icazə almışam. 30-dan artıq təşkilatdan rəy almışam. Ərazidə söküntü, tikinti və tikinti işləri birbaşa “FF-2011″şirkətinə həvalə olunmuşdu. Söküntü və köçürülmə üçün pulları köçürmə ilə deyil, nağd formada BŞİH-in işçisi Zülfəliyə (BŞİH-in şöbə müdiri Zülfəli İsmayilov,-red) verirdim.

Zülfəli İsmayilov

Mən 40 dan artıq mənzil almışdım, digərlərini də alırdım. Bir müddət sonra bizə dedilər ki, torpaq sahəsini başqa adama satıblar. Mən inanmadım”.

Şirkət rəhbəri bildirib ki, şirkət evləri almaqla yanaşı, tikintiyə də başlayıb: “Bizə xüsusi nişan vermişdilər və tikintiyə başlamaq üçün icazəm var idi. Mən “Accessbank”-a 4 milyon manat kredit ödəmişəm”.

Məhkəmə prosesi oktyabrın 18-də davam edəcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.

Bənzər yazılar

Back to top button