İqtisadiyyatManşet

Oğul atanın işlədiyi qurumdan 33 minlik tender uddu – AMEA-dan maraqlı tender – FAKTLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Korirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Robotronıcs” MMC (VÖEN- 1604412991) olub.

“Robotronıcs” MMC AMEA İdarəetmə Sistemləri İnstitutuna kompüter proqramlarının alınması, quraşdırılması və sazlanması xidmətlərini təqdim edəcək və göstəriləcək xidmətlər üçün AMEA-dan 33 000 manat alacaq.

Məlumat üçün bildirək ki, “Robotronıcs” MMC cəmi 5 ay əvvəl – 18.06.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Nizami rayonu, Əlağa Kürçaylı, ev 5A, m 39 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Fətullayev Orxan Əbülfət oğludur.

Cəmi 5 ay əvvəl yaranan MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qeyd olunan sahədə hansı təcrübəyə sahib olduğu barədə də məlumat yoxdur.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 5 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Tender müsabiqəsilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, qalib şirkətin rəhbəri – 1994-cü il təvəllüdlü Fətullayev Orxan Əbülfət oğlunun atası Fətullayev Əbülfət Balay oğlu tender keçirən qurumda – AMEA İdarəetmə Sistemləri İnstitutunda işləyir.


Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu ola bilməz.

AMEA İdarəetmə Sistemləri İnstitutunda tenderlərin keçiriləməsinə məsul olan Ehtiram Kərimov isə məsələ ilə bağlı Yeniavaz.com-a bildirdi ki, müsabiqənin keçirilməsində heç bir qanunsuzluq olmayıb. Xatırladaq ki, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovdur. Hazırda İdarəetmə Sistemləri İnstitutunun direktor müavini olan Etiram Kərimov isə Əli Abbasov nazir olan zaman onun köməkçisi olub.
Məlumat üçün onu da qeyd edək ki, bu cür diqqət çəkən tender müsabiqələri AMEA tərəfindən mütəmadi olaraq keçirilir.

Bənzər yazılar

Back to top button