Cəmiyyət

Qarabağda kazino açaq, ya yox? – Həsənquliyevin təklifi və yer üzündə ən böyük şər

Tengiz Ablotiya, haqqin.az saytının yazarı

Əgər yer üzündə mütləq şər varsa, bu da qumar oyunudur – iqtisadiyyata heç bir faydası olmayan yeganə sahə! Belə ki, bu dünyada yerdə qalan bütün funksional şeylər xeyir gətirir…

İqtisadi piramidanın zirvəsi, əlbəttə ki, istehsalatdır. Və o nə qədər mürəkkəb və texnolojidirsə, cəmiyyətə də bir o qədər faydası var. Çünki dəyərli bir şey istehsal etmək üçün diplomlu mühəndislər, texnoloqlar, keyfiyyət nəzarətçiləri, ixtisaslı ustalar (əvvəllər “fəhlə sinfi” adlanırdı) lazımdır. Bax elə bu səbəbdən, hətta çox varlı ölkələr miqyaslı sənayeləşmənin öhdəsindən gələ bilir.

Daha aşağı dərəcəli biznes var – ticarət və idxal 

Biz iqtisadiyyatın bu sahəsini öz aramızda saymazyana “alış-veriş” adlandırırıq. O da, məlum olduğu kimi, heçnə istehsal etmir və bu sahə ilə məşğul olan adamlardan xüsusi ixtisas tələb etmir. Bəlkə transmilli korporasiyaların marketinq üzrə savadlı direktorlarını istisna etmək olar.

Sözsüz ki, bu sahədə hər şey sadə deyil, heç də hər şey sıradan obıvatelə aydın ola biləcək sxemə uyğun gəlmir: “bir yerdə almısan, gəlir marjasını artırmısan və başqa yerdə satmısan”. Amma yenə də razılaşın: biri var hətta ən müasir ticarət şəbəkəsində satış sistemini təşkil etmisən, biri də var müasir avtomobillərin istehsalını sıfırdan qurmusan.

Bununla belə, idxalçılar və ticarətçilər mühüm iqtisadi funksiyanı yerinə yetirirlər: onlar istehlakçının tələbatını ödəyirlər və bu şəksiz faydadır. Həqiqətən də, müasir həyatımızı restoranlar, gözəllik salonları, çatdırılma xidmətləri, məzuniyyət zamanı istirahət etdiyimiz otellər olmadan necə təsəvvür edə bilərik ki?..

Beləliklə, iqtisadiyyatın cəmiyyətə heç nə verməyən, əksinə, ondan alan yeganə sahəsi qumar biznesidir – heç nə istehsal etməyən, heç nə idxal etməyən, yüksək ixtisas tələb etməyən, kadrlar hazırlamayan, əmək mədəniyyətini formalaşdırmayan, bir sözlə, heç bir xeyri olmayan tüfeyli sahə. Biznesə qoyula biləcək, daşınmaz mülkə xərclənəcək, sadəcə adamların həyat şəraitini yaxşılaşdıracaq pullar zülmətə, “kazino kralları”nın cibinə axaraq, ardından heç bir pozitiv iz buraxmır.

Özü də inkişaf etmiş dövlətlərdə qumar biznesinin təşkili ilə keçid dövründə ilişib qalmış ölkələrdəki qumar oyunu arasındakı fərqi də anlamaq lazımdır.

Heç kəs üçün sirr deyil ki, kazinoya və oyun avtomatları zalına gedən avropalılar və amerikalılar qarşılarına varlanmaq kimi bir məqsəd qoymurlar. Onların əsas prinsipi oyun müəssisələrinin sahiblərinə heyfləri gəlmədiyi qədər pul qazandırmaqdır.    

Nəzəri olaraq hamı yaxşı başa düşür: kazinoda uda bilmək üçün əvvəlcə onu almaq lazımdır. Əks halda bir-iki dəfə böyük məbləğ qazandıqdan sonra dalbadal uduzmağa başlayacaqsınız, ta ki cibinizdə bir qara qəpik belə qalmayacaq. Bax elə bu səbəbdən orta statistik britaniyalı rulet masası arxasında 100 funtla oturur. Udsa nə gözəl, uduzsa, eyib etməz, 100 funtsuz da keçinər.

O ki qaldı iqtisadi cəhətdən geridə qalan ölkələrə, bu da mənzərə tamamilə fərqlidir. Bu ölkələrdə insanlar elə qızğınlıqla oynayırlar ki, sanki sabah heç vaxt gəlməyəcək. Oyun masasının yaşıl örtüyündə mal-mülk izsiz yoxa çıxır, mənzillər satılır, avtomobillər girov qoyulur, ailə zinətləri və nişan üzükləri lombardda batır. 

Cibində bir qara qəpiyi olmayan, ağlasığmaz faizlə borc götürən postsovet qumar mübtəlasına xas səciyyəvi mantra: “Sonuncu dəfə oynayacam, borclarımı qaytaracam və daha bu çirkaba batmayacam!..”

Əfsus ki, bu “sonuncu dəfə” illərlə uzana, nəticədə isə ailələr küçədə qala bilər. 

“Homo postsdovetikus”un özünü ələ almaq və dağıdıcı instinktlərə qarşı dayan bilmək bacarığı ilə ciddi problemləri var. Holland və ya alman üçün “istəyirəm” anlayışı bir şeydir, “postsovet” adamı üçün digər. Emosiyalarını cilovlamaq və uçuruma aparan istəklərini basdırmaq bacarığı onlar üçün deyil. Çünki infantillik bütün az inkişaf etmiş ölkələrin vətəndaşlarının genetik xasiyyətidir. Onlar hətta təqaüdə çıxanda belə uşaq olaraq qalırlar. İstəyirəm – vəssalam!

Bu arada qumar XXI əsr nəslinin yanaşı yaşamaq məcburiyyətində qaldığı yeganə şər deyil.

Aydındır ki, bütün ölkələr iqtisadiyyatı yüksək texnologiyalar əsasında qurmaq, dəniz suyunun şirinləşdirilməsi üzrə zavodlar yaratmaq və iritonnajlı tankerlər istehsal etmə istəyir. Heç də hər kəsin bunun öhdəsindən gəlmək iqtidarında olmadığı isə başqa məsələdir. Odur ki, XIX əsrdə elmi-texniki tərəqqi və bəşəriyyət tarixində ilk manufaktura sarıdan bəxti gətirməyən ölkələr bu gün bacardığı kimi qazanmaq məcburiyyətindədir.  O cümlədən qumarla.

Əjdahanı məhv etmək olmaz, onu nəzarət altında saxlamaq lazımdır

İnsan, məlum olduğu kimi, azartlı məxluqdur və bəzən ağlını başından alan bu mərəzin öhdəsindən hələ heç kim gələ bilməyib. Vəhşilər də, mədəni insanlar da bu bəlaya eyni qədər məruz qala bilər. Fərq yalnız ondadır ki, ikincilər birincilərdən fərqli olaraq, öz azartlarını dozalara bölə bilirlər.

Bax elə bu səbəbdən, hələ romalı legionerlərin aşıq-aşıq oyununda sonuncu sistersilərini uduzduqları dövrdən bəri qumar daima inkişaf edir, ona məruz qala biləcək fiziki şəxslər və insan azartını odlandıra biləcək psixoloji vasitələr tapa bilir. Sonunda sivil dünya bu nəticəyə gəlib: madam ki qumara meyllilik təbii və qarşısıalınmaz şərdir, o zaman ona nəzarət etməyi və cilovlamağı öyrənmək lazımdır.    

Məlum olduğu kimi, yaxın günlərdə Azərbaycanda işğaldan azad olunmuş Qarabağda kazino və oyun zalları şəbəkəsi açılması barədə təkliflər səslənib. Bu, şübhəsiz ki, incə məsələdir, xüsusilə də nəzərə alsaq ki, müharibə nəticəsində müflisləşmiş bölgədə tezliklə smartfon və mikroçip istehsalına başlamaq mümkünsüzdür. Bir sözlə, Qarabağı Makaonun Cənubi Qafqaz analoquna çevirmək təklifinə bu cür cavab gəlir: “Niyə də yox?”

 

Çünki bunun üçün bir sıra şərtlərə əməl etmək lazımdır.

Birincisi. əgər siz gerçəkdən də kazinonun varlı xariciləri cəlb etməsini, lakin bununla yanaşı, dinc sakinlərin həyatının kabusa çevrilməməsini istəyirsinizsə, belə bir antidemokratik ölçü tədbirinə getməlisiniz: Azərbaycan vətəndaşına kazinoya getmək qadağan olunmalıdır. Üstəlik buna görə kazino sahibinə elə cərimə qoyulmalıdır ki, şərti pozduğu təqdirdə cibindəki pul ən azı bir il yalnız ictimai nəqliyyatdan istifadəyə çatsın.     

İkincisi. Mövcud fikrə rəğmən, iri kazino ən böyük təhlükə deyil. Belə ki, onlar əsas etibarı ilə zəngin xaricilərə və yerli varlılara xidmət edir. Lümpen-proletar, borcla yaşayan tüfeyli gənclər, sosial müavinət alanlar onun yaxınından belə keçə bilməz – belələrin pulu heç ilk oyuna çatmaz.

Sosial nöqteyi-nəzərdən daha böyük təhlükəni xırda oyun obyektləri, bütün mümkün slot-kublar yaradır. Sıradan insanlar son qəpiklərini havaya sovurmaq üçün məhz bura gəlirlər. Bir də, sözsüz ki, xaricilərə lazım olmayan totalizatorlar.

Buradan belə bir nəticə çıxır: iri qumar sənayesini inkişaf etdirmək olar, əvəzində yeraltı keçidlərdə, yaşayış rayonlarında, dükan və bazarların yanında yuva qurmuş xırda müəssisələrə heç bir vəchlə operativ meydan verilməməlidir. Çünki onlar bu yerlərdə varlı xarici turistləri deyil, məktəbliləri, tələbələri və xırda bazar alverçilərini tilova salırlar.  

Və, nəhayət, üçüncü. Artıq demişəm ki, əgər dünyada absolyut şər mövcuddursa, bu qumardır. Amma əgər absolyut şərin ali təzahürü varsa, bu onlayn-oyunlardır. Onlara xüsusi iş yerləri açmaq, məkan icarəyə götürmək, vergi vermək lazım deyil. Onlar sanki gözümüzə görünən, amma əslində mövcud olmayan kölgə kimidir.   

Onlayn-qumar biznesini bütün mümkün yollarla bağlamaq lazımdır. Mənə məlum olduğu qədər, Azərbaycanda onlayn-kazinoya qarşı maliyyə rıçaqları işə düşüb, Gürcüstanda bir neçə gün əvvəl onlayn-kazinonu sərt şəkildə nizamlayan qanun qəbul olunub və dövlət strukturlarında işləyənlərə, sosial müavinət alanlara oyunlarda iştirak etməyə qadağa qoyulub.

Bir sözlə, postsovet məkanında qumar biznesinə loyal münasibətin acı təcrübəsi, demək olar ki, hamıda var. Burdan belə qənaətə gəlmək olar ki, əgər əjdahanı məhv edə bilirsənsə, onda heç olmasa əhliləşdir və sərt şəkildə nəzarət et. 

Bənzər yazılar

Back to top button