İqtisadiyyat

Azərbaycan üçün xoşagəlməz sürpriz: Neft ucuzlaşa bilər (ŞƏRH)

İrana tətbiq edilən sanksiyaların götürüləcəyi təqdirdə, neftin qiymətinin xeyli ucuzlaşacağını proqnozlaşdırmaq olar.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl İranla ABŞ arasındakı danışıqların həlledici mərhələyə qədəm qoymasını şərh edərkən deyib.

Onun fikrincə ABŞ neftin qiymətini daha aşağı salmaqda maraqlı olması aşkar görünür:

“İranla aparılan danışıqlar həlledici mərhələyə çatmaq üzrədir. Belə görünür ki, ABŞ və İslam Respublikası arasında prioritet sahələr üzrə razılaşma əldə olunmasına az qalır. Bu danışıqların uğurla yekunlaşmasında əsas faktorlardan biri kimi, ABŞ-ın neft qiymətlərini daha aşağı salmaqda maraqlı olması aşkar görünür.

Hazırda İran müxtəlif yollarla sanksiyalardan yayınaraq dünya bazarına 600 min barrelə yaxın neft çıxara bilər. Halbuki ölkənin neft ixracı üçün imkanları qat-qat böyükdür. Bu günlərdə İranın iri neft yataqlarında hasilatın artırılması üçün aparılan hazırlıq işləri də, danışıqların tezliklə uğurla bitəcəyindən xəbər verir.

İranın neft bazarına qayıdışı kifayət qədər ciddi nəticələr verəcək. Nəzərə almaq lazımdır ki, Venesuela da gündəlik 1 milyon barrel həddini keçib. Neftin qiymətinə təsir edən digər amillərlə yanaşı, İrana tətbiq edilən sanksiyaların götürüləcəyi təqdirdə, neftin qiymətinin xeyli ucuzlaşacağını proqnozlaşdırmaq olar. Təsadüfi deyil ki, Malayziyanin “Petronas” şirkəti də qarşıdakı iki il üçün neft qiymətlərinin 50-60 dollar arasında dəyişəcəyini ehtimal edir

Əgər hadisələr belə cərəyan edərsə, analoqu olmayan inkişaf prosesi ölkələrinin növbəti xoşagəlməz sürprizlərlə qarşılaşacaqlarını gözləyə bilərik”.

Bənzər yazılar

Back to top button