İqtisadiyyat

Təhsil Nazirliyi də “TENDER KRALINA” haqq verdi – İnternet saytı olmayan “Vest-LTD” QSC-yə milyonlar niyə verilir?

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mebel inventarlarının satın alınmasına 12,5 milyon manata yaxın vəsait yönəldəcək.

“AzPolitika.info” xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, “Vest-LTD” QSC ilə mebel inventarlarının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 12 milyon 498,821 min manatdır.

Tenderdə qalib edilən “Vest-LTD” QSC dövlət qurumlarından ən çox layihələr əldə edən şirkətlərin başında gəlir. Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2050 manat təşkil edir, qanuni təmsilçisi Şahin Verdəliyevdir. Əvvəl “Vest LTD” MMC olan şikrətin sonradan təşkilati-hüquqi forması dəyişdirilərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib.

İnternet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, əksər dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi “Vest-LTD” QSC olub. Məsələn, Dövlət Turizm Agentliyi ötən il noyabrın 2-də adıçəkilən şirkəti 3,3 milyonluq tenderin qalibi elan edib. QSC Agentliyin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini satın alıb.

Mədəniyyət Nazirliyi isə “Vest-LTD” QSC-ni mədəniyyət müəssisələrinin 2021-ci ildə cari və əsaslı təmiri üzrə iki, struktur qurumlarına maşın və avadanlıqların satın alınması üzrə isə bir tenderin qalibi elan edib. Ümumi dəyəri 3 milyon manat olan layihələr adıçəkilən şirkətə ötürülüb.

“Vest-LTD” QSC Bakı Şəhər icra Hakimiyyətinin də “sevimli” şirkətlərindən biridir. Məsələn, ötən ilin iyun ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. “Vest LTD” QSC-nin qalib olduğu tenderə görə adıçəkilən şirkətə 10 milyon manat vəsait köçürülüb.

Mediada yazılanlara görə, “VEST-LTD” QSC-nin təkcə pandemiyanın tüğyan etdiyi 2020-ci ildə 22 tenderin qalibi olub. Qadağaların götürüldüyü 2021-ci ildə bu sayı yəqin ikiyə vurmaq lazınm gələcək…

Qeyd edək ki, “tender kralı” olan “VEST-LTD” QSC-nin rəsmi saytı yoxdur. Dövlətdən on milyonlarla vəsait alan bir şirkətin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur. Təcrübədə adətən belə şirkətlərlə bağlı araşdırmalar o zaman başlayır ki, hansısa iriçəkili məmurun korrupsiya pramidasının dağıdılmasına qərar verilir…

Bənzər yazılar

Back to top button