GündəmİqtisadiyyatManşet

“Bravo” və “Rahat” “Araz Supermarketlər” şəbəkəsinə savaş açdı: Yoxlamalar başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarketlər” şəbəkəsində yoxlamalara başlayıb.

AzToday.az xəbər verir ki, yoxlamalara səbəb kimi “Araz Supermarketlər” şəbəkəsinin ucuz qiymətlərlə bağlı reklamı göstərilir.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business Insight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

AzToday.az xəbər verir ki, “Bravo” və “Rahat” supermarket şəbəkələri “Business Insight” şirkətinin “Yeni il bayramı səbəti üçün ən ucuz supermarketlər şəbəkəsini müəyyən edən” araşdırmasına etiraz etmişdilər.

“Rahat” supermarketindən “Marja”ya bildirilmişdi ki, 37 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları üzrə araşdırmanın nəticəsi dəqiq ola bilməz. Həmçinin, bir şəbəkədə qiymətlərin aşağı olması araşdırılma aparılan vaxt həmin şəbəkədə keçirilən kampaniyalar ilə də bağlı ola bilər. Başqa bir vaxt digər şəbəkələrdə kampaniyalar ilə əlaqədar qiymətlər aşağı düşə bilər. Buna görə, kampaniyalar ilə bağlı endirimlər əsasında aparılan müqayisə doğru deyil. Araşdırmaya daxil edilən mallar bir şəbəkədə, daxil edilməyən bir çox mallar isə digər şəbəklərdə ucuz ola bilər.

“Bravo” şəbəkəsindən isə deyilib ki, dırnaqarası “araşdırma” tam yanlışdır. “Business Insight” şirkəti belə bir araşdırma aparmaqla və xəbər saytları bu məlumatı yaymaqla qanunvericiliyin tələblərini pozublar. “Bravo” şəbəkəsi hesab edir ki, hər təşkilatın araşdırmasına inanmaq olmaz, sorğu və araşdırmaları xəbər saytları özləri təkrar araşdırma aparmadan yaymaqla səhvə yol verirlər.

Qeyd edək ki, “Business Insight” ən ucuz yeni il səbətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymət araşdırması həyata keçirib. Araşdırma bazarda ən çox tanınan “Araz”, “Bravo”, “Bazarstore” və “Rahat” supermarketlər şəbəkələrini əhatə edib. Araşdırmaya, yalnız Bakı şəhərinin ən müxtəlif bölgələrində faəliyyət göstərən hər bir marketlər şəbəkəsinin 3 mağazası (toplamda 12 mağaza) cəlb edilib. Bayram səbətinə isə 37 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları daxil edilib. Araşdırma nəticəsinə görə, Yeni il ərəfəsində “Araz”ı qida məhsulları üzrə bazara təklif etdiyi ucuz qiymətlərilə “isteklaçının dostu” adlandırmaq olar.

“Business Insight International Research GROUP” Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. “Business Insight” daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button