GündəmManşetSiyasət

Casus oyunları və ya “Tərtərdə satqınlar olubmu?” – DTX əməkdaşları dinlənilib (ŞOK FAKTLAR)

Etiraf edim ki, Tərtər qətliamının bu aspekti barədə heç vaxt yazmaq istəməmişəm. Buna ehtiyac da olmayıb, çünki bunun məsələnin (törədilmiş cinayətin) mahiyyətinə heç bir təsiri yoxdur. Hadisədə xarici kəşfiyyatın rolu, daha doğrusu onun sifarişi olması heç vaxt şübhə doğurmayıb. Əksər yazılarımda da bunu qeyd etmişəm.

Amma Müdafiə Nazirliyindəki çətənin Tərtərdə guya casusluq faktlarının olması haqda son günlər intensiv şəkildə yaydığı cəfəngiyyatı bu qurumun ştatdankənar sözçüsü, istefada olan polkovnik Şair Ramaldanovun Toplum TV-də təkrarlaması məni bu yazını diqqətinizə təqdim etməyə məcbur etdi.

Bu yerdə bildirirəm ki, hal-hazırda oxuduğunuz və onun ardınca gələcək yazılarımda açıqlanacaq xəyanət faktlarının doğuracağı ictimai reaksiyalara görə bütün məsuliyyət Azərbaycan Ordusuna qarşı qanlı cinayət(lər) törətmiş çətənin və onları bu günədək cəzasız buraxan dövlət qurumlarının üzərinə düşür.

Çünki cinayətkarlar özlərini xilas etmək məqsədilə ortaya dezinformasiyalar atmasaydılar bu yazılar və onlarda əks olunacaq bir çox faktlar açıqlanmayacaqdı. Bu, həm də o deməkdir ki, ictimai rəyi çaşdırmaq məqsədilə ortaya atılan yalanlar amansızcasına ifşa olunacaq. Eynilə onların müəllifləri olan cinayətkarların özlərinin ifşa olunduğu kimi.
Beləliklə, Tərtər qətliamına dolayısı ilə bəraət qazandırmaq üçün ortaya atılan əsas “məlumatlardan” biri Ermənistanın xüsusi kəşfiyyat qrupunun təmas xəttində Azərbaycan Ordusunun hərbçilərinin ucdantutma əməkdaşlığa cəlb olunması iddiasıdır. Bu da iddia olunur ki, guya həmin erməni kəşfiyyat qrupu 2006-16 illərdə az qala bütün təmas xətti boyu bizim hərbçiləri əməkdaşlığa cəlb edib.

Erməni kəşfiyyatının belə bir xüsusi qrupu olubmu? Bəli, amma həmin qrupun zərərsizləşdirilməsilə iddia olunduğu kimi müdafiə nazirliyi (guya onun kəşfiyyat idarəsi) məşğul olmadığından ortaya ya məlumatsızlıqdan, ya da elə bilərəkdən yanlış məlumatlar (dezinformasiya) atılır. MN-nin Kəşfiyyat Baş İdarəsinin hansı işlərlə məşğul olması haqda isə bir qədər sonra.

“Azad Qarabağ Tağımı” adlanan və müxtəlif mütəxəssislərdən təşkil olunmuş həmin kəşfiyyat qrupu 2006-16 illərdə deyil, 2003-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə MTN-nin Xüsusi İdarəsi (hərbi əks-kəşfiyyat) tərəfindən aşkarlanaraq ifşa olunub. Həmin müddətdə onlar yalnız bir istiqamətdə və yalnız bir hərbi birləşmənin bir neçə əsgərini əməkdaşlığa cəlb edə biliblər.

Lakin əməkdaşlığa cəlb olunan hərbçilər qısa zamanda aşkarlanıblar və MTN-nin erməni kəşfiyyatçılarını ələ keçirmək üçün qurduğu əks əməliyyat bir əsgərin yanlış davranışı üzündən pozulsa da, nəticədə Ermənistan xüsusi xidmət orqanları həmin qrupu buraxıblar. “Azad Qarabağ Tağımı” qısa müddətdə və cəbhənin yalnız bir istiqamətində fəaliyyət göstərib.

2003-cü ildə olmuş uğursuz bir əməliyyatı qabartmaq və cinayətkarlara bəraət qazandırmaq üçün düşmənin müstəsna uğurlu olduğunu iddia eləmək təkcə dezinformasiya yaymaq deyil, həm də əxlaq, mənəviyyat, şərəf məsələsidir. Deyək ki, hətta bu da olub, amma bunun 2017-ci ildə Tərtərdə törədilmiş qanlı cinayətlə nə əlaqəsi?

Belə çıxır ki, cinayətkarlar və onların muzdlu trolları törədilmiş ağır cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə ictimai rəyi çaşdırmaq naminə ən sonuncu yola da əl atırlar. Məqsəd isə yalnız birdir: insanların şüuruna “Tərtərdə xəyanət, casusluq, satqınlıq olub” yalanını yeritmək. Bəs Tərtərdə həqiqətən casusluq olubmu?
Bəli, Tərtərdə 2 casusluq faktı olub. Bunlardan biri hal-hazırda uzun müddətə azadlıqdan məhrum olunmuş bir hərbçimizdir (etik və digər səbəblərdən onun adını yazmaq istəmirəm). Amma burda da incə bir məqam var: həmin hərbçi Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən düşmənə onun məqsəd və niyyətlərini öyrənmək üçün agent kimi yeridilmiş şəxs olub.

Yəni, adam öz dövlətinin tapşırığını yerinə yetirib. Dünyanın bütün kəşfiyyat və əks-kəşfiyyat qurumları bu tipli əməliyyatlar keçirir və həmin əməliyyatlara cəlb olunanlara dövlət adından ciddi toxunulmazlıq təminatları verilir. Buna SSRİ DTK-sı terminologiyasında “подставной aгент” və ya qısaca “Подстава” deyilirdi.

Amma Azərbaycanda hər zaman olduğu kimi, bu halda da dövlət onun xüsusi əhəmiyyətli tapşırığını yerinə yetirən vətəndaşını qorumayıb və bir qurumun əməliyyata cəlb etdiyi hərbçini digər qurumlar işgəncə verməklə yanaşı üstəlik də uzun müddətə azadlıqdan məhrum edərək onun həyatını məhv ediblər, adını ləkələyiblər.

İkinci qrup casuslar isə Tərtər qətliamını törədən cinayətkar çətəyə daxil olanlardır ki, bu gün də məhz onlar istintaqa təsir etmək məqsədilə xarici xüsusi xidmət orqanlarının təlimatları əsasında aranı qarışdırmaq, dezinformasiyalar yaymaq, ictimai rəyi çaşdırmaq kimi aktiv tədbirlərə əl atıblar.

Tərtər qətliamı haqda yazılarımı izləyənlər yəqin ki, həmin cinayət ərəfəsində MN-də aparılan kadr dəyişiklikləri haqda bölüşdüyüm məlumatları xatırlayırlar. Xüsusilə də nazirliyin Kəşfiyyat Baş İdarəsində aparılan dəyişikləri nəzərdə tuturam. Xatırladım ki, o zaman idarənin rəisi vəzifəsinə tankçı polkovnik Hilal Əsədov gətirilmişdi.

Hilal Əsədov

İkinci fotoda gördüyünüz isə MN-nin baş makleri (bəli, bütün təyinatlara görə pul alış-verişinə baxan belə bir şəxs olub və bu gün də iş başındadır) “Şlyapa Zahid” ləqəbli Zahid Niftalıyevdir. Hilal Əsədov həmin vəzifəyə “Şlyapa Zahidin” vasitəsilə gətirilib, amma… Amma həmin posta gətirilməsi nəzərdə tutulan başqa adam idi. Onun adı Hikmət Həsənovdur.
Zahid Niftalıyev

Hikmət Həsənovun həmin vəzifəyə buraxılmamasının səbəbi, daha doğrusu səbəbkarı barədə bir qədər sonra yazacağam. Hələlik isə Hilal Nəcəfovun MN Kəşfiyyat Baş İdarəsinə rəis gətirilməsindən sonra bu qurumun həyata keçirdiyi bəzi əməliyyatlar yeni yaradılmış istintaq qrupunun diqqətini mütləq çəkməlidir.

Bunlardan biri MN-də qanunsuz dinləmə avadanlığının quraşdırılması və onun vasitəsilə ölkənin mühüm dövlət orqanlarının, o cümlədən də DTX əməkdaşlarının dinlənilməsi olub. Bunun adı casusluqdur. İkinci əməliyyat isə Tərtər işində işgəncə məkanlarına avadanlıq quraşdırılaraq bütün proseslərə dair videoçəkilişlər aparmaq olub.
Üçüncü əməliyyat isə Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarından təşkil olunmuş xüsusi qrupun ordunun başqa bir generalı haqda “ifşaedici məlumatlar” toplaması olub. Həmin generalın adının Hikmət Mirzəyev olduğunu nəzərə alsaq, fateh generalın adı ətrafında bu günlərdə ortaya atılan çirkin iddiaların da mənbəyini axtarmağa xüsusi ehtiyac qalmır.

Qanunsuz dinləmələr və işgəncə məkanlarında aparılan gizli videoçəkilişlər nəticəsində əldə olunmuş məlumatların haraya və kimlərə ötürülməsi Tərtər qətliamına dair başladılan təkrar istintaqın ciddi araşdırmalı olduğu məqamlardandır. Çünki bunlar milli təhlükəsizlik məsələsidir.

Fikrimcə, istintaqın daha bir təxirəsalınmaz vəzifəsi sorğulanan zərərçəkmişlərdən xüsusi bir qrupun təhdidlər, hədələr almasının səbəblərini araşdırmaq olmalıdır. Söhbət hərbi prokuror Xanlar Vəliyevin Tərtər qətliamındakı birbaşa iştirakını təsdiq edən ifadələr verən zərəşəkmişlərdən gedir…

Bu da sizə “Tərtər işində” casusluq, xəyanət, satqınlıq olubmu?” sualının cavabının yalnız çox kiçik bir hissəsi. Hələlik bir hissəsi…

Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri
Yazı müəllifin “facebook” səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button