Siyasət

Masallı təşkilatının sədri dəyişdirilir – Seyfəddin Əliyev yola salınır

Masallıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatına yeni təyinat gözlənilir.

Milliyol.Az xəbər verir ki, illərdir YAP-ın yerli təşkilatının sədri olan Seyfəddin Əliyev nəhayət yola salınır. Buna səbəb onun adının Masallıda ən müxtəlif qanunsuzluqlarda hallanmasıdır. Odur ki, hakim partiya yerli təşkilatına adı neqativlərdə hallanmayan namizədin sədr postuna təyinatına qərar verib.

Seyfəddin Əliyevin adı ən son 2019-cu ildə həyata keçirilən əhalinin siyahıya alınması zamanı büdcədən ayrılan vəsaitlərin qaranlıq məqsədlərə xərclənməsində hallanıb.

Mühüm dövlət tədbiri olan əhalinin siyahıya alınması 2 il əvvəl, oktyabr ayının 1-dən 10-a kimi keçirilib. Dövlət bu tədbiri həyata keçirmək üçün hələ 2016-cı ildən tədbirlər görməyə başlayıb, hazırlıq işləri görülüb. Əhalinin siyahıya alınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıya alma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıya almanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıya alma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə “Əhalinin siyahıya alınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiq edilib. Əhalinin siyahıya alınması üçün 2019-cu ilin dövlət büdcəsindən 23 milyon 200 min manat vəsait ayrılıb. Hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb.

Masallıda isə bu işin başında duran Seyfəddin Əliyev olub. İddialara görə, ərazi nümayəndələrinə verdiyi tapşırıqlar nəticəsində 3-4 nəfər qohum-qardaşın adını sayıcı, təlimatçı kimi yazdırıblar. Sənəd üzərində hər kənddə sayıcıların sayı 10 nəfər göstərilsə də, faktiki olaraq 3, ən yaxşı halda 4 sayıcı bu işlə məşğul olub. Adı olub, özü olmayan sayıcılara isə əmək haqqı yazılıb və götürülüb. Bu isə hər kənd üzrə 3-4 min manatın “yox”a çıxması deməkdir. Masallıda kəndlərin sayı 90-dan artıqdır… 2020-ci ildə 1 il əvvəl keçirilən siyahıyaalmanın keyfiyyətinin yoxlanılması gerçəkləşib və bu zamanı çox ciddi nöqsanlar aşkar olunub.

BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacib idi. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacib idi. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyildi, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunurdu. Lakin əhalinin bir hissəsinin siyahıya alınmadığını, ümumiyyətlə onların qapılarının döyülmədiyi ortalıqdadır. Həmçinin bunun səbəbi də gizli deyil.

Bundan başqa Seyfəddin Əliyevin adı “neqodnı” hərbi bilet alma işində hallanır. Verilən məlumata görə Seyfəddin Əliyev bir müddət əvvəl Çaxırlı kənd ərazi nümayəndəsi Musa Qubadovun oğlunun hərbi xidmətdən yayınmasına dəstək verib.

“Ölü can” işində də Seyfəddin Əliyev var. Seyfəddin Əliyevin həyat yoldaşının da adı bir müddət əvvələ qədər Mədəniyyət Evində ştatda olub. Bu məsələ mətbuatda hallanandan sonra Seyfəddin Əliyev həyat yoldaşının adını ştatdan çıxarıb və sonrakı tarixə arayış alıb ki, həyat yoldaşı Mədəniyyət Evində işləmir. Araşdırma aparılsa, bu saxtakarlıq üzə çıxacaq.

Bütün bunlara görə Seyfəddin Əliyevin yenidən YAP Masallı təşkilatına sədr gətirilməsi məqsədəmüvafiq sayılmayıb.

Bənzər yazılar

Back to top button