DünyaManşet

Türkiyə erkən seçkiyə gedir – Qərb mediası Ərdoğanın siyasi həmlələrindən yazdı

Təhlilçilər bildirirlər ki, Erdoğanın son bəyanatları onun keçmişdəki seçkilərdən əvvəl öz liderliyinin isbatı üçün əl atdığı qambitləri xatırladır

Reuters agentliyi siyasi təhlilçilərə istinadən yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan verdiyi “iki böyük bəyanatın ardınca erkən seçki qapılarını açmış ola bilər”.

Bu bəyanatlardan biri minimum əməkhaqqının 50 faiz qaldırılması və lirənin ucuzlaşmasına qarşı əmanətlərin indeksasiya olunması barədədir.

Bu iki bəyanat beş günün içində verilib və milli valyuta lirənin ən aşağı həddə – 1 dollar üçün 18.4-ə düşdüyü vaxta təsadüf edirdi.

Reuters yazır ki, Erdoğan və onun hakim Ədalət və İnkişaf Partiyasının vəzifəli rəsmiləri prezident və parlament seçkilərinin erkən keçirilə biləcəyinə dair məlumatları bir qayda olaraq təkzib edirlər. Seçkilər 2023-cü ilin ortalarına təyin edilib.

Lakin 2022-ci ilin maaş artımından və lirənin 1 dollar üçün 12-yə dirçəlişindən sonra Erdoğanın erkən seçki istəməsi üçün real şərait yaranıb.

Təhlilçilər bildirirlər ki, Erdoğanın son bəyanatları onun keçmişdəki seçkilərdən əvvəl öz liderliyinin isbatı üçün əl atdığı qambitləri xatırladır.

Burası da var ki, qəfil seçki hələki prezidentliyə vahid namizəd barədə razılığa gəlməmiş müxalifətin də planlarını poza bilər.

MAK Consulting firmasından Ali Kulat bildirir ki, son qərarlar Erdoğan və partiyasının əla iqtisadiyyat meneceri olması təəssüratını yaradır:

“Erdoğan “son dəqiqədə uğur” taktikasına demək olar hər seçkidən əvvəl əl atır. Bu proses Erdoğanı dollara qalib gəlmiş və xarici qüvvələrin oyununu pozmuş lider kimi təqdim edir”.

Lakin Reuters yazır ki, bu mesajın effektivliyi lirənin və inflyasiyanın hansı istiqamətdə hərəkət etməsindən, türklərin alıcılıq qabiliyyətini necə təsirləndirməsindən asılı olacaq.

Erdoğanın sxeminə görə dövlət lirədə saxlanan əmanətləri gələcək dəyərsizləşmələrdən qorumalıdır.

Dövlətin pul bazarına milyardlarla dollarlıq müdaxiləsi bu həftə lirənin dəyərini 30 faiz artırıb.

Amma iqtisadçıların dediyinə görə, bu sxemdə həm də mümkün bahalaşmanın və maliyyə borcunun riskləri var.

Brookings İnstitutunda Türkiyə üzrə ekspert və Milli Müdafiə Universitetinin professoru Ömər Taşpinar deyir ki, Erdoğan vətəndaşların alıcılıq qabiliyyətini yüksəltməklə artıq seçki siyasəti yürüdür:

“O qanaxmanın qarşısını almaq üçün lirədə saxlanan daxili əmanətlərin dəyərini faktiki olaraq indeksləyib. Bütün bunlar erkən seçki elan olunanadək pozitiv məqam yaratmağa hesablanıb”.

Erdoğanın reytinqi

Reuters yazır ki, illərlə davam edən ikirəqəmli inflyasiya türklərin real qazanclarını və Erdoğanın reytinqini azaldıb.

MetroPoll ictimai rəyi öyrənmə şirkətinin bu ay keçirdiyi sorğunun nəticələrinə görə prezidentin reytinqi hazırda 2015-ci ildəki səviyyəyə enib.

Bir sıra başqa rəy sorğuları onun ikinci dövrədə bəzi namizədlərə uduza biləcəyini göstərib.

Bununla belə, MetroPoll şirkətinin başçısı Özer Sencar bildirir ki, əhaliyə maliyyə dəstəyi hakim partiyanın tərəddüd keçirən seçicilərinə təsir göstərə bilər:

“Erdoğanın bir boss kimi problemi həll etməsi söhbəti dildən-dilə gəzir. Məndən olsa seçkini dərhal çağırardım. Üç ay sonra adamların indi əldə etdikləri pul mənasız olacaq. Erdoğan seçki üçün bir il gözləsə uduza bilər”.

Erdoğan hələki erkən seçki ideyasını rədd edir. Hakim partiyadan bir rəsmi Reuters agentliyjnə deyib:

“Seçki gündəlikdə deyil. 2023-cü ilə planlaşdırılıb. Hələ cəmiyyətin başqa seqmentlərini canlandıracaq yeni addımlar atılacaq”.

Hakim partiyanın başqa bir vəzifəlisi isə deyib ki, bu addımların uzunmüddətli nəticələri Erdoğana dəstəyi artıracaq:

“Ölkədəki panika əhvalı çəkilib gedib. İndi biz sakitcə düzgün olan addımları atacağıq”. (Azadlıq radiosu)

Bənzər yazılar

Back to top button