Cəmiyyət

Parlamentdə İTV-yə sərt tənqid: – “Siz öz funksiyanızı yerinə yetirmirsinizsə, nəyə lazımsınız?”

Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verdi.

AzToday.az musavat.com-a istinadən xəbər verir ki, deputat Fazil Mustafa çıxışında İctimai Televiziya barədə tənqidi fikirlərini söylədi. Deputat bildirdi ki, İTV yaradılanda cəmiyyətin ondan böyük gözləntiləri var idi. Bu mənada F.Mustafa keçmiş sədr İsmayıl Ömərovun fəaliyyətini müsbət qiymətləndirdi: “Ondan sonrakı dönəmdə bu televiziya tamam bərbad vəziyyətə düşdü”. Deputat dedi ki, əgər İTV öz funksiyasını normal qaydada yerinə yetirsəydi, cəmiyyətdə müdiaya münasibət indiki səviyyədə olmazdı. “Parlamentin fəaliyyətini cəmiyyətə çatdırmaq üçün ən önəmli qurum İTV-dir. Bunlar onun əvəzinə, millət vəkillərinin kollajını verirlər. Elə bilirlər lağlağı, səviyyəsiz yanaşma ilə cəmiyyətdə reytinq qazanacaqlar. Siz öz funksiyanızı yerinə yetirmirsinizsə, nəyə lazımsınız?”

F.Mustafa daha sonra dedi ki, İTV-nin funksiyası digər TV-lərdən, AzTV-dən fərqlidir. ““Sabaha saxlamayaq”, “Ötən günlər” kimi səviyyəli verilişlər, istedadlı jurnalistlər də var”, – deyən deputat bir sıra müsbət məqamları da vurğuladı. “Amma büdcə vəsaiti hesabına fəaliyyət göstərirsinizsə, dövlətin də, cəmiyyətin də işinə yararlı olmalısınız”- deyə, o, İTV rəhbərliyinə xitab etdi.

F.Mustafa Yayım Şurasının üzvlərinə xitabən məsələyə həssas yanaşmaya çağırdı: “Necə olur ki, AzTV “Parlament saatı” verir, amma bunlar deputatların fikirlərini cəmiyyətə çatdırmır? Siz kimsiniz?!”

Deputat Etibar Əliyev də həmkarının fikirlərinə dəstək verdi. Dedi ki, bu televiziyanın parlament, deputatlar barəsində çox qərəzsiz verilişi gedir. “Mən İTV-də hələ təhsil sahəsində bir intellektual verilişə rast gəlməmişəm”, deputat dedi.

Bənzər yazılar

Back to top button