Dünya

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilata çevrilib

Oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) forumdan təşkilata çevrilmək barədə qərar qəbul edib.

Bu qərar bu gün Astanada qurumun VI sammitinin plenar iclasında Asiya ölkələri liderlərinin forumuna sədrlik edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qəbul edilib.

Sammitdə həmçinin bir sıra sənədlər qəbul edilib. Onların arasında dövlət başçılarının informasiya texnologiyaları sahəsində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında bəyanatı, Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyasının həyata keçirilməsi üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyət planı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Fondu haqqında əsasnamə var.

Küveyt Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 28-ci üzvü olub. Onun təşkilata daxil olması müşavirə iştirakçısı olan 27 dövlətin nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib.

Prezident Tokayev ümidvar olduğunu bildirib ki, qurumun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi vasitəçiliyə və sülhməramlılığa yardımda mühüm rol oynayacaq.

Təşkilatın bu missiyası bu gün prezidentlər Ərdoğan və Putinin ikitərəfli görüşündə təsdiqlənib. Görüş əsasən Ukrayna və Suriyaya həsr olunub.

Oktyabrın 12-13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammiti Müşavirənin çağırılması təşəbbüsünün 30 illiyinə həsr olunub.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılması barədə ideya ilk dəfə 1992-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan tərəfindən irəli sürülüb.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, həmçinin müvafiq sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə yönələn çoxtərəfli etimad tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi üçün səy göstərir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button