ManşetSiyasət

Eldar Həsənovun vəkilləri Prezidentdən kömək istəyir: “Yarımiflic vəziyyətdədir”

Keçmiş Baş prokuror və səfir Eldar Həsənova yanvarın 7-də məhkəmədə prokuror cəza istəməlidir. Lakin onun vəkilləri təxminən 4 ay davam edən məhkəmə araşdırmalarından narazı qalıb.

Bizimyol.info xəbər verir ki, sabiq səfirin vəkilləri Cavad Cavadov, Valeh Mehrəliyev, Cəlil Mirzəyev və Adəm Məmmədov dekabrın 30-da Prezident İlham Əliyevə müraciət edib. Məhkəmənin obyektiv aparılmamasından gileylənən vəkillər eyni zamanda, Eldar Həsənovun səhhətinin ağır olduğunu vurğulayıblar. Prezidentdən xahiş ediblər ki, prosesə müdaxilə edərək, onun fiziki məhvinin qarşısını almağa kömək eləsin:

“Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilən məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq, hər hansı ədalətli qərar gözləmirik. Lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki cəhətdən məhvinə yönəlmiş bu antihumanist davranışın qarşısını almaq üçün Sizdən məsələyə şəxsən müdaxilə etmənizi xahiş edirik”.

Vəkillər bildirir ki, Eldar Həsənov hazırda yarımiflic vəziyyətdədir. Onun ixtisaslı həkimlər tərəfindən müayinə və müalicəsi məsələsi dəfələrlə məhkəmədə qaldırılsa da, hakimlər razılıq verməyib:

“Eldar Həsənovda paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbarikkulopatiya, servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları var. O, yarımiflic vəziyyətindədir. Bu xəstəliklərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır”.

Müdafiə tərəfi iddia edir ki, Eldar Həsənova qarşı irəli sürülmüş mənimsəmə və başqa ittihamlar məhkəmədə təsdiqini tapmayıb. Müdafiə tərəfinin məhkəmədə qaldırdığı 74 vəsatətin heç biri təmin olunmayıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra – 2001-ci ildən 2020-ci ilin avqustunda həbs olunana qədər müxtəlif ölkələrdə səfir işləyib.

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə – 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Eldar Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, ölkə başçısına onun haqqında yalan məlumatlar çatdırılıb.

Bənzər yazılar

Back to top button