Hadisə

Narkotik plantasiyası aşkarlanan direktorla bağlı detallar: Onun həbsi hamını şoka salıb…

“Onun həbsi hamını şoka salıb”.

Bu sözləri Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Şahinə Könül Qaynarinfo-ya Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağstafa rayon Mədəniyyət Evinin direktoru Vaqif Mehdiyevin həbsindən danışarkən deyib.

Şahinə Könülün dediyinə görə, Vaqif Mehdiyev uzun illər mədəniyyət sahəsində işləyib:

“Bir ara işdən çıxıb, Rusiyaya getdi. Bir ildən sonra orada işi gətirmədi, yenidən vətənə qayıtdı. Əvvəl idarənin adı Rayon Mədəniyyət Şöbəsi idi. O vaxtlar şöbənin inspektoru vəzifəsində işləyirdi. Sonradan isə rayon mədəniyyət şöbələri regionallaşdı, 3 rayonu – Qazax, Tovuz və Ağstafanı əhatə edən Ağstafa Regional Mədəniyyət İdarəsi yaradıldı. Vaqif Mehdiyev isə Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru təyin edildi. Hazırda məzuniyyətdə idi. Cavandır, 3 azyaşlı qızı var, özü də çox saf adamdır. Siqaret çəkməyən, içki içməyən, namaz qılan biridir. Hamımız şoka düşmüşük. O adama o otun yarpağını göstərsəniz, bəlkə də tanımaz. Neçə ildir onu tanıyırıq. Ağstafa rayon ərazisindəki bütün mədəniyyət evləri, klublar ona tabedir, əlinin altında nə qədər işçisi var, bir adam hələ ondan narazılıq etməyib. Belə bir adamın həbsi hamını şoka salıb”.

Şahinə Könül onu da qeyd etdi ki, Vaqif Mehdiyev aktyordur:

“Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsini bitirib. Oynadığı rollar var. Respublika bədii qiraət müsabiqələrində iştirak edib, əsl mədəniyyət adamıdır, çox istedadlıdır.

Rayonun bir çox dövlət əhəmiyyətli tədbirlərində aparıcı kimi fəaliyyət göstərib. Ağstafa Xalq Teatrının yaradıcısıdır”.

Qeyd edək ki, məlumata görə, Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb. Plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının dünən rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib.

Bənzər yazılar

Back to top button