Hadisə

Xanım şirkət rəhbərinə hökm oxundu – elektron qolbaqla gəzməli, pulları ödəməlidir

Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin (IGEC MMC) rəhbəri Ülviyyə Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, proses Xətai rayon Məhkəməsində keçirilib.

Ülviyyə Cəlilzadə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq; təkrar törədildikdə), 178.2.4 (dələduzluq; xeyli miqdarda zərər vurmaqla törədildikdə) və 308.1-ci maddələri ilə ittiham olunub. Məhkəmə onu bu maddələrlə təqsirli bilib.

Sonuncu prosesdə məhkəmə hökmü elan edib. Hökmdən əvvəl Ü.Cəlilzadə ifadəsində özünü təqsirli bilməyib. Amma zərərçəkmiş kimi tanınan şəxslərdən pul aldığını, sadəcə olaraq şirkət müflis olduğuna görə pulları qaytara bilmədiyini söyləyib. O, zərərçəkmişlərin pullarının bir qismini qaytardığını, qalan borcu da ödyəcəyini deyib.

O əlavə edib ki, 2013-cü ildə beynəlxalq “İGEC” şirkəti ilə müqavilə bağlayıb və Azərbaycanda həmin şirkətin nümayəndəliyini açaraq, “İGEC” MMC adı altında fəaliyyət göstərib. Şirkət xaricdə təhsil alınmasının təşkili və ingilis dilinin öyrədilməsi fəaliyyəti ilə məşğul olub. 2019-cu ildən o, təhsil və müalicəsi ilə bağlı Amerika Birləşmiş Ştatlarında olduğundan şirkət fəaliyyətini dayandırıb.

Cəlilzadə bildirib ki, müştərilər tərəfindən ödənilən məbləğlərin bir qismini qaytarıb, digər qismi isə şirkətin cari fəaliyyəti üzrə xərcləyib. Ü.Cəlilzadə ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Bildirib ki, ittiham aktında adları qeyd olunan şəxslərin etibarından sui-istifadə etməyib və aldatma yolu ilə pullarını ələ keçirməyib. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Zərəri ödənməyən şəxslər isə Ü.Cəlilzadə barəsində qanuni cəza təyin edilməsini istəyiblər.

Məhkəmənin hökmü ilə Ü.Cəlilzadə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Ü.Cəlilzadənin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.

Zərərçəkmişlər Rəvan Cəfərov, Telman Əmirov və Nərmin İbadullayevanın mülki iddiası qismən, Yakub Pugar Mehmet və Elnur Şirinovun mülki iddiası isə tam təmin edilib.

Hökmə əsasən Ü.Cəlilzadə Rəvan Cəfərova 12.941 dollar, Telman Əmirova 4270 dollar, Nərmin İbadullayevaya 6198 dollar, Yakub Pugar Mehmetə 1617 dollar, Elnur Şirinova isə 530 dollar ödəməlidir.

Qeyd edək ki, Zərərçəkmiş şəxslər pulları Ülviyyə Cəlilzadəyə Kanada və ABŞ-da təhsil almaq məqsədi ilə veriblər.

Belə ki, Cəlilzadə Kanada və ABŞ-da yerləşən universitet və kolleclərlə partnyorluq müqavilələrinin olduğunu bildirib. O, həmin şəxsləri universitet və kolleclərdə təhsil almağa göndərəcəyini vəd edib.

Vədinə əməl etməyən Ülviyyə Cəlilzadə həmin şəxslərin vəsaitini də geri qaytarmayıb. Adı çəkilən zərərçəkmişlərin şikayətinə əsasən Ülviyyə Cəlilzadə barəsində 2019-cu ilin oktyabr ayında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb. Məhkəmə araşdırması hazırda Xətai Rayon Məhkəməsində davam etdirilir.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş var. Onlar arasında İran və Türkiyə vətəndaşları da yer alır. Zərərçəkmişlərə dəymiş zərərin az bir hissəsi ödənilib.

Qeyd edək ki, ABŞ-da olan Ülviyyə Cəlilzadə ötən il axtarışa verilib. Azərbaycana qayıdan gün həbs edilən Ülviyyə Cəlilzadə sonra ev dustaqlığına buraxılıb.

Ülviyyə Cəlilzadə istintaqdakı ifadəsində özünü dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilməyib.

Bildirib ki, rəhbəri olduğu şirkətdə xaricdə təhsilin təşkili və ingilis dilinin öyrədilməsi fəaliyyəti ilə məşğul olub. Əlavə edib ki, şirkəti hazırda işləmir, şirkətin maddi vəziyyəti ağırdır və heç bir işçisi də yoxdur.

O, 2019-cu ildən təhsili və müalicəsi üçün ABŞ-da olduğunu deyib.

Ü.Cəlilzadə pulların harada olması ilə bağlı suala cavab verən zaman deyib ki, şirkətin Dövlət Sosial Müdafiə Fonduna borcu olduğu üçün bank hesablarına həbs qoyulub. Buna görə də ödənişləri nağd şəkildə alıblar.

Sualların davamında Ü.Cəlilzadə aldığı pulların hara xərclədiyini izah etməyib.

Məhkəmənin hökmündən narazı qalan zərərçəkmişlər Bakı Apelyasiya məhkəməsinə üz tutub.

Bənzər yazılar

Back to top button