Dünya

Putinin Hitlerlə eyniləşdirilməsinə start verildi

Finlandiya prezidenti Sauli Niinistönün yeni ildə ilk çıxışında Ukrayna ətrafında yaranmış vəziyyət, eləcə də Rusiyanın NATO və ABŞ-a təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” təklifi ilə bağlı səsləndirdiyi fikirlər Qərbin Moskvaya qarşı yeni siyasətinin başlanğacı ola bilər. Rusiyanın “Regional təhlükəsizliyə dair yeni razılaşma” təklifinə münasibət bildirən prezident Sauli Niinistö deyib ki, zamanəmizdə dünyanın təsir zonalarına bölünməsi qəbul edilməzdir .

Finlandiya prezidentinin çıxışında ən çox diqqət çəkən məqam isə ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincerin ötən əsrin 30-cu illərindəki vəziyyətlə bağlı səsləndirdiyi məşhur ifadələri xatırlatması olub: “Nə zaman ki müharibənin qarşısını almaq böyük dövlətlərin əsas məqsədinə çevrilir, beynəlxalq sistem onun ən amansız üzvünün əsarətinə düşür”. Henri Kissincer bu ifadələri ötən əsrin 30-cu illərində guya sülhü qorumaq üçün böyük dövlətlərin Çexislovakiyanı Hitler Almaniyasına qurban verilməsi ilə bağlıdır.

Finlandiya prezidentinin çıxışında Henri Kissincerin məşhur ifadələrini xatırlatması ad çəkilmədən Rusiyanın faşist Almaniyası, Putinin isə Hitlerlə eynilşdirilməsi kimi dəyərləndirmək olar. Belə görünür ki, Putinin Hitlerlə rəsmi səviyyədə eyniləşdirilməsinə start verilib. Prezident Sauli Niinistönün bu çıxışana qədər ancaq Rusiya müxalifətinin təmsilçiləri, Ukraynanın ictimai xadimləri və bəzi təhlilçilər Putini Hitlərlə müqayisə edirdilər. İlk dəfədir ki, bu bənzətmə dövlət başçısı səviyyəsində edilir.

Siyasi təhlilçilər Finlandiya prezidenti Sauli Niinistönün bu çıxışını Uinston Çörçillin Fultonda, Vestminster Kollecindəki məşhur çıxışına bənzədirlər. Məlum olduğu kimi Sovet İttifaqının təcridinin və soyuq müharibənin başlanma tarixi Çörçillin Fultondakı çıxış tarixi, 5 mart 1946-cı il göstərilir.

Finlandiya prezidenti Sauli Niinistönün çıxışı posstsovet ölkələri üçün bir xəbərdarlıq olmalıdır. Hər kəs anlamalıdır ki, Hitlerlə eyniləşdirilən Putinin, faşist Almaniyasına bənzədilən Rusiyanın yanında dayanmaq artıq çox təhlükəli olmağa başlayıb.

Azərbaycan hakimiyyəti Rusiyanın “Regional təhlükəsizliyə dair yeni razılaşma” təklifini ittiham etməli və bu münasibətini bütün dünyaya nümayiş etdirməlidir.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button