GündəmManşetSiyasət

Naxçıvan qruplaşması Müdafiə Nazirliyinin rəhbərliyinə bu şəxsi gətirmək istəyir – Deputatdan ilginc açıqlamalar

Son günlər ordu ətrafında cərəyan edən ajiotajlar fonunda dəfələrlə Müdafiə Nazirliyinə mülki şəxsin rəhbər gətirilməsi təklifi ilə çıxış edən deputat Qüdrət Həsənquliyevin yeni açıqlamaları diqqət çəkir.

AzToday.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri moderator.az saytına verdiyi müsahibəsində Müdafiə Nazirliyinin rəhbər şəxslərini tənqid edib:

“…Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə “Silahlı Qüvvələr” Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev (indiki Baş qərargah rəisi – red) əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür, Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat “ermənilər də ordudakı problemləri bilər” yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı”.

Daha sonra deputat əvvəllər səsləndirdiyi təklifi yenidən təkrarlayıb:

“Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa, günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi “son zərurət və zəruri müdafiə” hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların – mən əsgərləri bir kənara qoyuram – heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olaraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var…”.

“Tərtər işi”nin yenidən istintaqının başlaması, şəhid generalın anasının müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyev barəsində səsləndiyi ittihamlar fonunda Qüdrət Həsənquliyevin son açıqlamaları maraq doğurmaya bilməzdi. Beləki hələdə hakimiyyətin nüfuzlu məmurlarından sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun danışan dili kimi tanınan Qüdrət Həsənquliyevin məlum fikirləri təkrar-təkrar söyləməsi təsadüf hesab olunmur. Çünki Səfər Əbiyevin hələ vəzifədə olan zamandan indiyənə kimi Müdafiə Nazirliyi daim məmur oliqarxların ələ keçirmək istədiyi mühüm post sayılıb. Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılması prosesi də hakimiyyətdaxili qruplaşmaların maraq savaşı nəticəsində mümkün oldu. Səfər Əbiyevdən sonra sözügedən “yağlı post”a Zakir Həsənovun gətirilməsi Kəmaləddin Heydərovun təmsil olunduğu Naxçıvan qruplaşmasının məqsədinə çatmadığını göstərdi. Bu səbəbdən ordu rəhbərliyi zaman-zaman haqlı və ya haqsız olaraq tənqid hədəfinə gətirilməkdədir. Qüdrət Həsənquliyevin son müsahibəsini də bu qəbildən saymaq olar.

Düzdür Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduda neqativ hallar pik həddinə çatdı, orduda xidmət edən yüksək rütbəli vətənpərvər zabitlərin əksəriyyəti sıradan çıxarıldı. Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun vəzifəsindən uzaqlaşdırılmasından tutmuş “Tərtər işi” və 44 günlük müharibədə bir-neçə generalın xəyanətə görə ordudan uzaqlaşdırılmasına qədər çoxsaylı hadisələr Nəcməddin Sadıkovla bərabər Zakir Həsənovun da aktivinə yazılmalıdır. Çünki Səfər Əbiyevin vaxtından fərqli olaraq xaricdən idarə olunduğu şübhə doğurmayan şəbəkə Zakir Həsənovun rəhbərliyi altında fəaliyyətini daha da genişləndirdi. Bu baxımdan Zakir Həsənov başda olmaqla Kərim Vəliyevin tənqid olunmasına təbii baxmaq olardı. Ancaq həmişə təmsil olunduğu qruplaşmanın maraqlarını güdən açıqlamalarla çıxış edən Həsənquliyevin ordu rəhbərliyi ətrafında kritik situasiya yaranan zaman məlum fikirləri səsləndirməsi qaranlıq mətləblərdən xəbər verir. Etibarlı mənbələrdən sızan məlumatlara görə, Qüdrət Həsənquliyevin sözçu rolunu oynadığı qruplaşmanın müdafiə naziri olmaq üçün nəzərdə tutduğu mülki şəxs Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovdur. Beləki son illər hakimiyyətdəki dayaqlarını sürətlə itirən Naxçıvan qruplaşması Müdafiə Nazirliyinin rəhbərliyinə öz adamını gətirməklə rəqibləri qarşısında revanş almaq niyyətindədir. Qruplaşmanın sözügedən hədəfinə çatması üçün imkanları yüksək qiymətləndirilsə də, buna nə dərəcədə nail olacağıni söyləmək çox çətindir. Çünki dövlət başçısı qruplaşmalar arasında balansın pozulmamasına nə qədər imkan verməsədə, hakimiyyətə iddialı qruplaşmanın böyük hərbi gücə nəzarət etməsinə şərait yaradacağı inandırıcı deyil…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button