İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” yükdaşımada güzəştləri ləğv edir

“Azərbaycan Dəmir Yolları” QSC güzəştli yükdaşıma tariflərini ləğv edib və nəticədə bir çox iri istehsalçılar üçün daşıma xərcləri kəskin artıb. virtualaz.org xəbər verir ki, güzəştli tariflərin ləğv edildiyi barədə “Azərbaycan Dəmir Yolları” QSC öz tərəfdaşlarını xəbərdar edib. Bəllidir ki, məhz dəmir yolları yüklərin daşınması üçün ən ucuz və ən sərfəli idi.

Lakin indi, yeni ilin ilk günlərində Azərbaycan şirkətləri gözlənilməz situasiya ilə üzləşiblər və onlara tariflərin kəskin artacağı haqda xəbərdarlıq edilib. Bir çox sahibkarlar üçün isə bu, yükdaşıma tariflərinin hər tona görə 9 dollardan 30 dollara qalxması deməkdir.

Qeyd edək ki, dəmir yollarında yükdaşıma tariflərinin artırılması barədə qərar Tarif Şurası tərəfindən qəbul edilir. Ancaq indiki situasiya tariflərin birbaşa artırılması ilə bağlı deyil. “Azərbaycan Dəmir Yolları” QSC hər bir yerli şirkətə münasibətdə tətbiq etdiyi güzəştləri fərdi qaydada ləğv edib.

Bu güzəştlər isə Azərbaycandan malların ixracını stimullaşdırırdı və bir növ tarif nizamlayıcısı rolunu oynayırdı. İndi biznesmenlər narahatdır ki, güzəştlərin birtərəfli qaydada ləğv edilməsi “domino effekti”nə gətirib çıxaracaq-Gürcüstan dəmir yollarında da tariflər artırılacaq, habelə Batumi, Dübəndi və Səngəçal terminallarında yeni tariflər tətbiq ediləcək. Bununla da formalaşmış kövrək tarif balansı pozulacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətində bu informasiyanı şərh edərkən deyiblər ki, koronavirus pandemiyası qlobal iqtisadiyyata və ictimai həyatın bütün sferalarına təsir edib. Qlobal energetika bazarlarında müşahidə edilən iqtisadi gərginlik “Azərbaycan Dəmir Yolları” QSC-dən də yan keçməyib.

“Dəmir yollarında yükdaşıma tarifləri stabil olaraq qalıb, ancaq müəyyən yüklərin daşınması üçün tətbiq edilən güzəştlər ləğv edilib. “Azərbaycan Dəmir Yolları” QSC ilə müqaviləsi olanlar normativ sənədlərə uyğun olaraq bu barədə əvvəlcədən xəbərdar ediləcək. Bununla birlikdə yaxın günlərdə yüklərini dəmir yolları ilə daşımağa üstünlük verən iri idxalçılarla və ixracatçılarla görüşlər də gözlənilir”,-məlumatda deyilir.

Bənzər yazılar

Back to top button