Dünya

KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərmək barədə qərar qəbul edib

Kollektiv Təhlükəsizlik Şurası nın sədri Nikol Paşinyan bəyan edib ki, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində məlumat verib.

“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, – Paşinyan yazıb.

Paşinyan bildirib ki, KTMT qüvvələri Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə göndəriləcək.

Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.

Qazaxıstanda iğtişaşlar

Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.

Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.

Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.

Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.

Sputnik Azərbaycan

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button