ManşetSiyasət

Qazaxıstan aksiyalarının Azərbaycana təsirləri barədə

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Buna baxmayaraq, ölkə boyu mitinqçilər hökumət binalarını, hava limanlarını ələ keçirirlər. Daxili toqquşmalar zamanı ölənlər və çoxsaylı xəsarət alanlar var.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunur. O, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan Silahlı Qüvvələri bölmələrinin daxil olduğu bildirilir.

Qazaxıstanda etirazlar Azərbaycanda da geniş müzakirələrə yol açıb. Adamlar ölkədə qiymət artımına və avtoritarizmə etiraz edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Azadlıq” radiosuna bildirib ki, Qazaxıstanda əhali korrupsiyaya, avtoritar idarəçiliyə qarşı öz etiraz səsini qaldırıb: “Bu, faktiki olaraq bütün bu illər ərzində xalqın iradəsilə hesablaşmamasına görə Qazaxıstan hökümətinə xalqın üsyanıdır”.

Onun sözlərinə görə, Azərbaycanda da hakimiyyətin seçki yolu ilə zaman-zaman dəyişdirilməsi prosesi baş vermir, ölkədə avtoritat idarəçilik sistemi var, vətəndaş cəmiyyəti sıradan çıxarılıb, söz və ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb: “Eyni zamanda əhali sosial baxımdan çox ciddi çətinliklərlə üzləşir. Baxmayaraq ki, Azərbaycana enerji resurslarından çox ciddi valyuta vəsaiti gəlir, əhalinin mütləq əksəriyyəti çox ağır vəziyyətdə yaşamağa məhkum edilib.”

Partiya başqanının fikrincə, belə olan halda Azərbaycanla Qazaxıstan arasında oxşar cəhətlər çoxdur: “Qazaxıstan hadisələri təsdiq edir ki, hansı dövlətdə hakimiyyət xalqın iradəsilə hesablaşmırsa, gec ya tez bu tipli hadisələr baş verir. Azərbaycanda da belə hadisələr baş verə bilər. Belə hadisələrin qarşısını almaq üçün ilk növbədə demokratik, siyasi və iqtisadi islahatlarların həyata keçirilməsi zəruridir”.

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov Qazaxıstanda baş verən prosesləri qiymətləndirərkən bildirib ki, Azərbaycanda bu hadisələr baş verə bilməz: “Azərbaycanda olan müəyyən radikal qruplaşmalar bu prosesdən ruhlanmışdılar, sevinirdilər, ümid edirdilər ki, Azərbaycanda da etiraz dalğası yaranacaq və inqilab yaşanacaq”.

Ancaq onun fikrincə, Azərbaycanı başqa postsovet ölkələrlə müqayisə etmək yanlışdır: “Azərbaycanda ilk dəfə deyil ki, belə cəhdlər baş verir. Belə cəhdlər 2011-ci ildə “ərəb baharı” zamanı, 2014-də Ukraynadakı məlum “narıncı inqilab” fonunda olmuşdu, amma hamısı iflasa uğramışdı. Çünki Azərbaycanda belə eksperiməntlər üçün heç bir şərait yoxdur”.

Deputat qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. “Azərbaycan xalqı öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. 30 illik işğala Azərbaycan prezidentinin formalaşdığı ordu tərəfindən son qoyuldu. Xalq öz prezidentini qəhraman sayır və prezident xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir, çoxsaylı islahatlar paketi həyata keçirir. Ona görə də antiazərbaycan dairələrin niyyətləri ürəyində qalacaq”, – Nəsirov qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə hesab edir ki, Azərbaycanda Qazaxıstandakı hadisələrin təkrarlanıb- təkrarlanmayacağı Azərbaycan hökümətindən asılıdır: “Onlar da Qazaxıstan rejimi kimi Azərbaycan xalqını sıxsalar Azərbaycan xalqı qəzəblənə bilər. Biz təklif edirik ki, bütün proseslər siyasi yolla həll olunsun. Hökümət xalq, siyasi partiyalar üçün siyasi yolu məqbul bilməyəndə xalq öz qəzəbini hansısa digər yolla ifadə edir, öz problemlərini başqa yolla həll etməyə çalışır. O da belə nəticələr doğurur”.(Turan)

Bənzər yazılar

Back to top button