Cəmiyyət

Nazir meşələrin qırılmasına görə işdən çıxarılan rəisin yerinə onu gətirdi

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə yeni rəis əvəzi edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri Xalıqverdi Hüseynov vəzifəsindən azad edilərək Meşələrin İnkişafı Xidmətinə rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Xalıqverdi Hüseynov 2 fevral 1958-ci il təvəllüdlüdür. 1993-cü ildən 1997-ci ilədək Ağdam rayonu Çəmənli kolxozunda sədri vəzifəsində işləyib. 2004-cü ildən 2007-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri, 2007-ci ildən 2008-ci ilədək Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru, 2008-ci ildən 2011-ci ilədək Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru, 2011-ci ildə 2013-cü ilədək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr əvəzi vəzifəsində çalışıb.

2013-cü ildən 2020-ci ilədək yenidən Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru, 1 may 2020-ci ildən Nazirliyin Aparatının Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin Ətraf mühitin tənzimlənməsi və təbii sərvətlərdən istifadənin təşkili sektorunun müdiri vəzifəsində işləyib. 18 avqust 2020-ci il tarixdən Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri vəzifəsini icra edib. 23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov vəzifəsindən çıxarılıb.

Bənzər yazılar

Back to top button