İqtisadiyyat

“Məhsul bazarda satılmırsa iş yerlərinin ixtisarı zərurətə çevrilir” – Ekspert

Ümumbəşəri bəlaya çevrilən koronavirus pandemiyası dünya iqtisadiyyatında böhranlı vəziyyət yaradıb. Pandemiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilən təcridolunma siyasəti nəticəsində istehsal məhdudlaşıb. Belə olan halda, bu, qlobal məşğulluğa necə təsir göstərəcək?

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov böhran zamanı iş yerlərinin ixtisar olunmasının zərurətə çevrildiyini və bunun alternativinin olmadığını bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu iqtisadi, sosial ziyanın miqyasını müəyyən etmək üçün hazırda hər hansı hesablama metodikası olmasa da, elə bir ölkə yoxdur ki, böhran ona toxunmasın.

“Sadəcə ölkələrin dünya iqtisadiyyatına inteqrasiya səviyyəsindən asılı olaraq, bu ziyanın miqyası dəyişə bilir. Yəni ən çox ziyan çəkənlər elə dünya iqtisadiyyatına ən çox inteqrasiya olunanlardır. Bu böhran zənnimcə, hələ uzun müddət davam edəcək. Müəyyən bir analogiya aparsaq, bunu ötən əsrin 30-cu illərinin böyük böhranına bənzədərdim. O zaman baş verən böhran birbaşa Nyu-York fond birjasında iri biznes strukturlarının, korporasiyalarının səhmlərinin dəyərdən düşməsində özünü göstərdi. Bu isə o demək idi ki, milli iqtisadiyyatın lokomotivi olan həmin korporasiyaların investisiya imkanları dinamik şəkildə azaldı. Əgər investisiya imkanları azalırsa, bu, son istehsalın nəticələrinə təsir edir”, – dosent vurğulayıb.

M.Bərxudarov diqqətə çatdırıb ki, məhsul bazarda satılmırsa, onun istehsalına ehtiyac olmadığından həmin iş yerlərinin ixtisar edilməsi zərurətə çevrilir və bunun alternativi yoxdur: “Bu mənada tarix təkrarlanır deyə bilərik. Bu gün də görürük ki, ən çox ziyan çəkən xarici iqtisadi fəaliyyətlə məşğul olan iri korporasiyalardır. Həmin biznes strukturlarda 10-100 minlərlə insan çalışır və mövcud durumda iş yerlərinin ixtisarı labüddür. Lakin proses onlarla məhdudlaşmayacaq və zəncirvari olaraq miqyasca daha kiçik olan biznes subyektlərinə də sıçrayacaq”.

Millət vəkili: “SOCAR işçilərini saxlamaq gücünə və imkanlarına malikdir”

Millət vəkili Vüqar Bayramov bildirib ki, koronavirus pandemiyasının ən çox təsir göstərdiyi sahələrdən biri neft sektorudur. “Bloomberg” agentliyi proqnozlaşdırır ki, neftin qiymətləri bir müddət belə aşağı səviyyədə qalarsa, o zaman qlobal neft şirkətlərindən bir neçəsi müflis ola bilər. Çünki nəticə etibarı ilə həmin qlobal şirkətlər gəlir əldə edə bilməyəcəklər və bu kontekstdən yanaşsaq, onlar öz işçilərinin sayını azaltmaq məcburiyyətində qalacaqlar”,- V. Bayramov qeyd edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hansı addımlar ata biləcəyi ilə bağlı isə millət vəkili deyib ki, SOCAR hətta aşağı neft qiymətləri şəraitində belə işçi heyətini qoruyub saxlaya bilər. Onun fikrincə, buna səbəb şirkətin investisiyasını şaxələndirməsi, xaricdə sərmayələr həyata keçirməsidir. “SOCAR xüsusi ilə də Türkiyənin enerji bazarına investisiyalar yatırır. Şirkət həmin bazarda və digər bazarlarda rentabelliyi qoruyub saxlaya bilər. SOCAR Azərbaycanda ən çox işçilərə malik olan şirkətdir. İndiki halda SOCAR tərəfindən işçilərin ixtisar edilməsi nə arzuolunan, nə də məqsədəuyğundur. Nəzərə alsaq ki, məqsəd həm pandemiya dövründə, həm də ondan sonra işçi heyətini, yəni məşğulluğu qoruyub saxlamaqdan ibarətdir”,- V.Bayramov vurğulayıb.

Millət vəkili bildirib ki, mövcud imkanlar çərçivəsində və SOCAR-ın malik olduğu maliyyə resursları nəzərə alınsa, şirkət işçilərini saxlamaq və ixtisar etməmək gücünə və imkanlarına malikdir. “Ona görə də SOCAR-ın nəinki pandemiya, eləcə də postpandemiya dövründə hər hansı işçi ixtisarına getməsi məqsədəuyğun deyil. İnanırıq ki, SOCAR postpandemiya dövründə gəlirlərini daha çox şaxələndirib, əmək kollektivini saxlamaq imkanlarına malik olacaq”,- o əlavə edib.

Mənbə: fins.az

Bənzər yazılar

Back to top button