AnalitikaManşetSiyasət

“Aliyevşina”, yaxud “Naxçıvan Klanı” – siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı

AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!

IV YAZI

Azərbaycanda 1969-cu il hakimiyyət dəyişikliyi həm də ona görə əlamətdar hadisə hesab olunur ki, SSRİ-ni təşkil edən müttəfiq respublikalardan birinə rəhbərliyin sabiq kadrovik çekistə həvalə olunması bütün SSRİ üçün görünməmiş bir hadisə idi – o vaxta qədər belə bir şey olmamışdı. Heç şübhəsiz, bu təyinatda təkcə iqtisadi səbəblər rol oynamamış, siyasi səbəblərin də böyük rolu olmuşdu. Burada bir məqama da xüsusi diqqət çəkmək lazımdır ki, Stalindən sonra başarılı sonuclarla nəticələnən intriqaları sayəsində hakimiyyəti tamamilə ələ keçirən Nikita Xruşov xüsusi xidmət orqanlarının səlahiyyətlərini kəskin şəkildə məhdudlaşdırma yolunu tutdu. SSRİ kimi nəhəng bir dövlət üçün dövlət idarəetməsində ən vacib rıçaq rolunu oynayan xüsusi xidmətin praktiki olaraq istifadə edilməməsi təbii ki, ölkəni xaosa sürükləyir və bu da son nəticədə dövlətin siyasi iflasana qədər aparıb çıxara bilərdi. Məhz elə bu səbəbdəndir ki, Qərbin bir çox liberal institutları Xruşovun hakimiyyətdən getməsini SSRİ-nin ömrünü uzatdığı fikrini ortaya atırlar. Onların düşüncəsinə görə (əslində bununla razılaşmamaq mümkün deyil ) Xruşovun etmək istədiklərini Sov.İKP MK-nın sonuncu Baş katibi Mixail Sergeyeviç Qorbaçov 30 il sonra etdi.

Xruşovdan fərqli olaraq, Leonid İliç Brejnev tamam fərqli bir yol tutdu. Əvvəlki bölümlərdən oxucuya tanış olan Fyodor Razzakov kitabında yazır: “Вообще после того как Брежнев в 1967 году отстранил от власти “комсомольцев”, в высшей элите многие изменили свое отношение к нему: если раньше Генсека не сильно уважали, считая слишком мягкотелым и зависимым от чужого мнения, то теперь поняли, что под шкурой овцы скрывается куда более серьезный зверь”.

Əgər Xruşov xüsusi xidmətin fəaliyyətini məhdudlaşdırmaqla SSRİ-ni dağıtmaq yolu tutmuşdusa, Brejnev Lubyankaya Andropov-Sviqun-Sinev triumviratını göndərməklə dövləti xaosdan, iqtisadi böhrandan çıxarmağı düşünürdü. Razzakov bu məsələni incə və anlaşıqlı şəkildə belə təsvir edir: “…После подавления “бархатной революции” в ЧССР, советское руководство указывало своим доморощенным либералам их место: дескать, не зарывайтесь.

…Поставив в руководстве КГБ кадрового партаппаратчика Юрия Андропова (тот до этого десять лет возглавлял Отдел международных отношений ЦК КПСС), Брежнев расширил полномочия партийной разведки, объединив ее с КГБ и вменив им в обязанность усиление контроля за властными элитами в республиках”.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gətirilməsi məhz belə qarışıq, iqtisadi və siyasi böhranın pik həddə çatdığı dövrə təsadüf edir. Digər sovet respublikaları ilə müqayisədə Azərbaycanda vəziyyət daha pis olub. Korrupsiya və rüşvət bütün sahələri bürümüşdü, vəzifələr pulla satılır, regional klançılıq ölkəni hörümçək toru kimi sarmış, klanlararası qarşıdurma son həddə çatmışdı. Digər tərəfdən, Dağlıq Qarabağda erməni separatşılığı da getdikcə qızışırdı. Məsələn, iyul plenumundan tam iki il öncə – 1967-ci ildə baş vermiş “Kuropatkino faciəsi” erməni vəhşiliyinin nə qədər təhlükəli xarakter aldığına bariz sübutdur (bu faciə haqqında irəliki bölümlərdə – Qambay Məmmədovun yandaşları Saşa Babayev və İzik Quliyev məsələsinə toxunduğumuz zaman ətraflı bəhs olunacaq).
Heydər Əliyev nə qədər yüksək bilik və bacarıq sahibi olsa da, çox gözəl anlayırdı ki, “rus kaşası” kimi qaynayan, qarışıq vəziyyətə gətirilmiş bu ölkəni düzəltmək, bərpa etmək, sağlam, möhkəm rels üzərinə oturtmaq sadəcə olaraq mümkünsüzdü. Odur ki, o, Brejnevlə görüşü zamanı ilk əvvəl ona edilən təklifi qəbul etmir. Ancaq Qensekin israrlarından sonra şərtlərini irəli sürür. Şərtləri qəbul olunur və beləliklə, Heydər Əliyev Azərbaycan rəhbərliyinə gətirilir.

14 İYUL PLENUMU – ƏLİYEV HAKİMİYYƏTİN ZİRVƏSİNƏ YÜKSƏLİR

Heydər Əliyevlə Naxçıvanda, bacısınəvəsinin darısqal evində, şam işığında etdiyimiz çoxsaylı söhbətlərin biri məhz həmin uzaq 69-cu il plenumu haqqında olmuşdu. O zaman o, Brejnevlə söhbətini belə təsvir edirdi: “Doğrusu, mən də çox istəyirdim ki, ölkəm üçün, vətənim üçün nələrsə edim. Kim istəməz ki, yaxşı iş görüb insanların yaddaşında qalsın? Mən də istəyirdim. Ancaq hər şey mənim istəyimlə düzəlmir axı… Ölkə pis vəziyyətdə idi. Ölkəni bu vəziyyətə salanlar hələ də hakimiyyətdə yüksək mövqelər tuturdular. Güclü idilər. Böyük bir şəbəkələri vardı. Tək başına onlara qarşı durmaq intihar demək idi. Əllərində pul var, güc var, hərəsinin arxasında Moskva elitasından duranlar var… Mən isə tək idim, inandığım və etibar etdiyim adamlar o qədər də yüksək məqamlarda deyildilər…”
Təbii ki, Heydər Əliyev bu qayğılarını Qensekə bildirir. O da “sənin arxanda mən varam” deyir, sonra da əlavə edir ki, “get, Azərbaycanı düzəlt”!

Heydər Əliyevin Azərbaycana rəhbər vəzifəyə gətirilməsini Brejnevə tövsiyyə edən şəxslərdən biri onun bacanağı Semyon Kuzmiç Sviqun və digəri də Andropov olub. Çünki ikisi də Əliyevin işgüzarlığına, bacarığına, cəsarətinə və qətiyyətinə əmin idilər və buna şahid olmuşdular. Leonid İliç də o iki şəxsə çox güvənirdi. Elə bu səbəbdən də Heydər Əliyevlə söhbətində israr edir. Heydər Əliyev də fürsətdən istifadə edib, şərtlərini irəli sürür:

– mənim kadr siyasətimə qarışılmayacaq. Ölkəni düzəltməyin yolu ölkəni bu günə salanlarla vidalaşmaqdan başlayır;
– Azərbaycanda uzun illərdi regional klançılıq hökm sürür. Klançılığa dayanan bu iqtidarı ortadan qaldırdığımda onlara himayəçilik edən mərkəzi elitadakılar işimə mane olmayacaqlar;
– rüşvət və korrupsiya ilə mübarizə mənim fəaliyyətimin ən başlıca göstəricisi olacaq. Heç şübhəsiz ki, bu mübarizədə qarşıma müxtəlif maneələr çıxacaq. O maneələri dəf etməkdə mərkəzi hakimiyyət mənə yardım edəcək;
– Azərbaycan iqtisadiyyatını çoxyönlü etmək, iqtisadi infrastrukturu inkişaf etdirmək, ölkəni sənayeləşdirmək yolunda mərkəzi büdcədən kifayət qədər vəsait ayrılmalıdı;
– bir daha Qarabağ söhbəti qaldırılmayacaq. Bu, Azərbaycan üçün qırmızı cizgidi.

Heydər Əliyev deyirdi ki, bu şərtlərini sadalayanda Brejnev onu diqqətlə dinləyib və deyib: “Mən səni Azərbaycana elə bu işləri görməyin üçün göndərirəm. Sənə tam müstəqillik verirəm. Get işlə!”

Heydər Əliyev Moskvadan – Leonid İliç Brejnevlə söhbətdən qayıtdıqdan 4 gün sonra, 14 iyul 1969-cu il tarixdə Azərbaycan KP MK-nın növbədənkənar plenumu çağrılır. Plenumu giriş sözü ilə açan 1-ci katib Vəli Axundov sözü Kapitonova verir. Sov.İKP MK-nın Təşkilat İşləri üzrə katibi Kapitonov mərkəzi hakimiyyətin tövsiyyəsini plenum iştirakçılarının nəzərinə çatdırır: “Rəhbərlik Heydər Əliyevi Azərbaycan kommunistlərinin başında görmək istəyir!”
Olduqca konspirativ şəkildə hazırlanan bu plan plenum iştirakçılarının əksəriyyəti tərəfindən təəccüblə qarşılanır. Hakimiyyətdə olan regional klanın rəhbərliyi isə şoka düşür. Kimsə belə bir təyinatı gözləmirdi. Əvvəla ona görə ki, Heydər Əliyev nəinki büro üzvü deyildi, heç MK üzvü də deyildi, sadəcə MK üzvlüyünə namizəd idi. Praktikada belə şey olmamışdı – həmin hadisəyə qədər bütün 15 respublikanın hamısında 1-ci katib vəzifəsinə yeni gətirilən adam mütləq MK-nın büro üzvləri arasından seçilirdi. Heydər Əliyev sabiq çekist kimi partiya rəhbərliyinə gətirilən ilk şəxs olduğu kimi, həm də o vaxta qədər büro üzvü olmayıb, 1-ci katib seçilən ilk şəxsdi. Partiya nizamnaməsi pozulmasın deyə, Kapitonovun təklifi ilə Heydər Əliyevi ilk öncə MK üzvü və MK-nın büro üzvü, sonra da 1-ci katib seçirlər.

Hakimiyyətdəki regional klanın bütün planları suya düşmüşdü. Onlar respublikanın rəhbərliyinə digər bir naxçıvanlını, ancaq “Şuşa klanı”nın üzvü olan Azərbaycan KP MK-nın İdeoloji İşlər üzrə katibi Əli Əmirovu gətirmək istəyirdilər. Lakin başqa bir naxçıvanlı – Heydər Əliyev rəhbərliyə gətirildi və cinayətkar klanı diz çödürdü!

ƏBDÜRRƏHMAN VƏZİROVUN BÖYÜK YALANI!

Yaşadığımız dünyada tez-tez paradoksallıqlarla qarşılaşırıq. Belə paradoksal hallardan biri də Azərbaycana həm Heydər Əliyev kimi siyasi nəhəngin, həm də Əbdürrəhman Vəzirov kimi gerizəkalının rəhbərlik etməsidi. Bu iki şəxsi müqayisə etmək belə, axmaqlığın göstəricisi sayıla bilər. Amma işə bax ki, heç bir əsası olmayan “naxçıvanşina” və “əliyevşina” kimi terminləri məhz bu adam siyasi leksikonumuza daxil edib. Məhz onun hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ən uğurlu illəri – 1969-82-ci illər təftiş edilməyə, yalan üzərində qurulan nağıllar danışılmağa başlandı və çox təəssüf ki, bu yalan nağıllar hələ də gənc nəslin beynində hakimdi.

Vəzirov bir kitab yazıb. Rus dilində yazdığı bu kitabın adı belədi: “В первых рядах партера” (“Parterin ilk sıralarında”) Kitabına Corc Bayronun bu fikrini epiqraf olaraq seçib: “Твоих усилий плод – Судьба твоя!” Təxminən bu anlama gəlir: “Səylərinin bəhrəsi – sənin taleyindir!” Məncə, kitabda yeganə doğru məqam elə budur – Bayronun fikri. Bəlkə də Bayron bu fikrini elə Vəzirov kimi adamlara ithaf edib, çünki Heydər Əliyev ismini tarixdən silmək üçün Vəzirov və yandaşlarının səylərini çoxlarımız görmüşük. Bəs, sonu nə oldu? Vəzirovun bütün səyləri boşa çıxdı və o, öz miskin taleyini yaşadı.

Xülasə, mətləbdən uzaqlaşmayaq…

Vəzirov kitabının bir yerində Jan-Pol Sartrdan sitat gətirib yazır ki, heç nə keçmiş qədər tez-tez dəyişmir. O, bununla Heydər Əliyev hakimiyyətinin özündən əvvəlki keçmişi dəyişdirdiyinə, saxtalaşdırdığına işarə vurur. Amma əslində özü keçmişi dəyişdirməyə, saxtalaşdırmağa cəhd edir. Məsələn, Vəzirov kitabının “Xidmətdə durmağa şadam, nökərçiliksə ürək bulandırır” bölümündə Heydər Əliyev hakimiyyət zirvəsinə yüksəldikdən – 1969-cu ildən sonra siyasi elitanın hansı yollarla dəyişdirildiyi, klan hakimiyyətinin regionçuluq əsasında necə qurulduğu barədə bəhs edir. Vəzirov yazır ki, Heydər Əliyev hakimiyyətinin ilk beş ilində nazirlərin üçdə ikisini, MK büro üzvlərinin 10-dan 8-ni, MK şöbə müdirlərinin 14-dən 13-nü, rayon birinci katiblərinin 45-dən 37-ni dəyişib.

O, daha sonra yazır: “Bütün bu əvəzlənmələrə əsasən provokasiya, kompramat, təqib yolu ilə nail olunurdu”. Vəzirov hakimiyyət strukturlarına gətirilən təzə kadrları “liliput” adlandırır və Mark Tvendən bu sitatı gətirir: “Onların yarısı heç nəyə yaramırdı. O biri yarısı isə hər işə yarayırdı”.

Mövzuyla bağlı Vəzirov fikrini belə tamamlayır: “Bu kadrlar qanuna və vicdana uyarlığına baxmadan hər göstərişi gözüyumulu yerinə yetirməyə hazır idilər. Kirovabadda işləyəndən bir-iki il sonra anladım ki, Heydər Əliyevin təməlini qoyduğu yeni sistemdə qala bilmərəm və istəmərəm”.

Vəzirov yalan danışır!

Həm də ağ yalan danışır – gözünün içinə qədər yalan danışır!

O, göstərdiyi bu faktlar və rəqəmlərlə məsələnin mahiyyətini dəyişir, həqiqətləri gizlədir. Əvvəla qeyd edim ki, Vəzirov bu rəqəmləri rusiyalı tarixçi və politoloq Dmitri Furmanın “Несостоявшаяся революция. Политическая борьба в Азербайджане (1988-1993 годы)” adlı kitabından götürüb, həm də təhrif edərək öz kitabında əks etdirib. Furman, əslində, o rəqəmləri sadalamaqla Heydər Əliyevi təqdir edib. Mən Furmanın kitabındakı həmin hissəni olduğu kimi diqqətinizə çatdırıram:

“В 1969 году в Азербайджане происходит своего рода государственный переворот. Брежнев отстраняет В.Ахундова и ставит у власти председателя азербайджанского КГБ Г.Алиева. Впоследствии период господства Г.Алиева был назван “алиевщиной”. Алиев, сильный и жесткий лидер, получивший от Москвы “карт-бланш” и поддерживавший этот “карт-бланш” своей поразительной способностью, производит в Азербайджане колоссальную чистку коррумпированной номенклатуры.
За первые пять лет его деятельности было сменено две трети министров, 8 из 1 0 членов бюро ЦК, 37 из 45 секретарей райкомов…”

Heydər Əliyevin rüşvət və korrupsiyaya qarşı mübarizəsi ilə bağlı Furmanın dediklərini Ceyms Stüart Olsen (“Гейдар Алиев добился некоторых успехов в борьбе против коррупции, достаточно большое количество людей были приговорено к тюремным срокам; в 1975 году пять председателей колхозов и директоров фабрик были приговорены к смертной казни за коррупцию в больших размерах) və Nikolay Aleksandroviç Zenkoviç də (“С его согласия КГБ и МВД Азербайджана арестовало в полном составе государственную торговую инспекцию Министерства торговли республики в количестве 24 человеk”) təsdiq edirlər.

Ancaq bir məsələ var ki, Furmanın göstərdiyi rəqəmlər tam həqiqəti əks etdirmir. Vəzirov özü həmin dövrlərdə Mərkəzi Komitədə şöbə müdiri, sonra isə Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifələrini tutub. Əlinin altında sənədlər olub, faktlardan məlumatlı olub. Amma o, bildirdiklərini yazmaq əvəzinə, Furmanın Heydər Əliyev haqqındakı təqdiredici sözləri bir tərəfə qoyub, doğru olmayan rəqəmləri kontekstdən çıxararaq kitabına salıb. Üstəlik, onu da əlavə edib ki, guya vəzifədən uzaqlaşdırılan bu adamların yerinə Heydər Əliyev qohumlarını və yerlilərini gətiribmiş.

Bəs, əslində, həqiqət nədən ibarət idi?..

Ardı var

Fərəməz Allahverdiyev,
Şərur rayonunun sabiq icra başçısı

Bənzər yazılar

Back to top button