GündəmManşetSiyasət

XİN-də kosmetik “islahatlar” – Ceyhun Bayramov sələfinə rəhmət oxutdurur

2021-ci ilin sonlarında Xarici İşlər Nazirliyində islahat görüntüsü yaratmaq məqsədilə bəzi vəzifə dəyişiklikləri, yerdəyişmələr edilib. Mətbuatda haqlarında ciddi korrupsiya və digər qanunsuzluq iddiaları yer almış bəzi XİN vəzifəli şəxslərinin yerləri dəyişdirilib.

Onlardan keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun qanunsuz olaraq mənzil tikintisi şirkətinin rəhbəri qoyduğu Elxan Azayev Avropa ölkələri idarəsinin rəisi vəzifəsindən azad olunaraq müavin təyin edilib.

Digər qalmaqallı XİN məmuru – Amerika ölkələri idarəsinin rəisi Anar Canəhmədov tutduğu postdan çıxarılaraq Moskvaya, Müstəqil Dövlətlər Birliyi təşkilatında vəzifəyə göndərilib. Anar Canəhmədov XİN-də səs-küylü korrupsiya həbslərinin əsas fiqurantlarından olan maliyyə idarəsinin keçmiş rəisi Lamiyə Canəhmədovanın həyat yoldaşıdır. Onların ər-arvad olduqları halda XİN-də qanunsuz olaraq yüksək vəzifələr tutaraq bundan öz karyera və maddi mənafeləri üçün istifadə etmələri üzə çıxmışdı. Lamiyə Canəhmədova əvvəlcə DTX tərəfindən saxlanılıb sorğu-suala tutulsa da, sonradan burxılmış, hətta maliyyə idarəsinin müavini də təyin olunmuşdu. Yalnız bir müddət sonra müavinlikdən də kənarlaşdırılmışdı.

Digər təyinat XİN-in arxiv idarəsinə olub. Azərbaycanın İranda və Tacikistanda sabiq səfiri Abbasəli Həsnənovun qardaşı Bayram Həsənov bu idarənin rəisi təyin edilib. Bayram Həsənovun uzun müddət XİN-də və səfirliklərdə işlədiyi bildirilir. Lakin onun da xarakterində idarəçiliyə, rəhbər şəxsə uyğun gəlməyən qüsurlar olduğu deyilir. Bayram Həsənovun tabeçiliyindəki əməkdaşlarla etik davranmadığı, onlara qarşı lazımsız, yersiz sərtlik, qeyri-adekvat davranış və münasibət nümayiş etdirməsi haqda iddialar mövcuddur.

Barələrində mediada ciddi ittihamlar irəli sürülmüş XİN-in digər məmurları isə vəzifələrdə qalıblar. Onlardan xüsusilə XİN-in hüquqi-təminat idarəsinin rəisi, üstəlik kollegiya üzvü Hüseyn Hüseynov tutduğu postu hələ də saxlamaqda davam edir. Onun vaxtilə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri olduğu vaxt ciddi korrupsiya əməllərində ittiham edilməsi ilə bağlı mediada yazılar gedib. Hüseyn Hüseynovun həmçinin XİN-dəki haqsızlıqlara, qeyri-qanuni əməllərə, ədalətsizliyə saxtalıqla qanun donu geyindirilməsində əsas rol oynadığı bildirilir. Onun hüquqları pozulan nazirlik əməkdaşlarının əleyhinə ədalətsiz məhkəmə hakimləri vasitəsilə qanunsuz qərarlar çıxartdırdığı haqda məlumatlar var.

Hüseyn Hüseynovdan başqa vaxtilə onun əsas hamisi olmuş, nazir müavinliyindən çıxarılsa da xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə keçən Nadir Hüseynov, protokol idarəsinin sabiq rəisi Pərvin Mirzəzadə, Azırbaycanın Rumıniyadakı keçmiş səfiri, hazırda həbsdə olan Eldar Həsənovun əlaltılarından Fərid Abdinbəyov və digərləri də XİN-də tutduqları postlarda qalmaqdadırlar.

Son vəzifə dəyişikliklərinin XİN-də gözə kül üfürmək məqsədi daşıdığı hesab olunur. İndiki nazir Ceyhun Bayramovun bacarıqsızlığından başqa asan manipulyasiya olunması və korrupsionerləri himayə yolunu tutması iddia edilir. Nəticədə isə XİN-dəki bərbad mühit daha da pisləşməkdə və korrupsiya əvvəlkindən də şiddətli tüğyan etməkdədir.
XİN-dəki mənbələrdən biri nazirlikdə özbaşınalığın, dərəbəyliyin və ədalətsizliyin hökm sürdüyünü, qohumluq əlaqəsi və rüşvət olmadan hətta ən kiçik vəzifəyə belə təyinatın qeyri-mümkünlüyünü bildirib. Digər bir mənbə XİN-də bacarıq və savadlarına görə yox, himayə və əlaqə gücünə vəzifədə qalma və ya irəliləmənin mümkün olduğunu deyib. “XİN-də belə vəziyyət Elmar Məmmədyarov dövründən illərlə daha da kəskinləşərək indi də davam etməkdədir”, deyə mənbə vurğulayıb.

GundemXeber.Az

Bənzər yazılar

Back to top button