Cəmiyyət

“Azercell”in tarif oyunbazlığı

Ataların belə bir məsəli var-“Ayının min oyunu var, bir armudun başında”. “Azercell”-in tarif paketlərini nəzərdən keçirəndə ilk yada düşən bu atalar sözü olur. Belə bir deyim də var “Bütün yollar Romaya aparırır”. Bəli, “Azercell”in min cür yollarla kombinasiyalarla qurduğu tariflər də abunəçilərə sərfəli danışıq paketlərinə deyil, şirkətin daha çox gəlir əldə etməsinə aparır.

Nəinki Azərbaycanda, hətta Rusiya kimi nəhəng bir ölkədə mövcud olan heç bir mobil operatorda “Azercell”də olan qədər əlverişsiz tarif paketləri yoxdur. Təsadüfi deyil ki, bu gün “Azercell” nömrəsi olan bir çox şəxs əlverişsiz abunəlik şərtlərinə görə nömrə daşıma xidmətindən yararlanmaqla Bakcell və Narmobile operatorlarına keçirlər. Çünki “Azercell”dən fərqli olaraq digər iki mobil operator daha əlverişli paketlər təqdim edir. Məsələn bəndəniz “Azercell”in Mediacell tarifli nömrəsini almışdı, amma təsəvvür edin ki, guya jurnalistlərə xüsusi bir xidmət nəzərdə tutan bu paketdə 1 ay ərzində cəmi 1 gb internet pulsuz verilir ki, informasiya əsrində həmin 1 gb heç 3 günə kifayət etmir. Nəticədə həmin nömrəni bəndəniz Bakcell mobil operatoruna daşımalı oldu. Bu gün Bakcell Klass tarifində 15 manat abunə haqqı ödəməklə ayda 5 gb internet, 500 dəqiqə ölkə daxili pulsuz danışıq əldə etmək mümkündür. Abunə haqqı vaxtında ödənildikdə isə hesabdakı danışıq və internet qalığı növbəti aya keçir. “Azercell” vaxtında belə bir sərfəli tarif təqdim etsəydi kimsə 050 prefiksi ilə Bakcell, yaxud NarMobile mobil operatoruna keçərdimi?

Müxtəlif sosial dəstək layihələrinə şirkət yardım edirsə bunu abunəçilərə baha xidmətlər göstərməklə qarşılamalıdırmı? Bu gün “Azercell” adı çəkiləndə ilk ağla gələn vətəndaşın sosial durumuna uyğun gəlməyən tariflər olur. Fikir verin, “Azercell”in “Sərbəst” tarif paketində 15 manata cəmi 4 gb internet, 150 dəqiqə şəbəkəxarici pulsuz danışıq təklif edilir. 150 dəqiqə danışıq 2 saat 30 dəqiqə edir ki, bu da nəinki 1 ay, heç 2 həftəyə bəs etmir. Digər tarifləri də analiz etdikdə hər şeyin ancaq “Azercell”in xeyrinə olduğu meydana çıxır. İstehlakçıya sanki bir gəlir mənbəyi kimi baxılır. Əks halda müxtəlif adlar altında min cür mürəkkəb kombinasiyalar quraşdırıb istehlakçının hesabına külli miqdarda gəlirlər əldə etməkdənsə hamının anlaya biləcəyi formada 2-3 tarif paketi təqdim edib abunəçilərə də keyfiyyətli paketlər təqdim etmək olardı. Lakin görünür ki, “Azercell”i istehlakçıların deyil, daha çox şirkətin maddi rifahı düşündürür. Redaksiyamıza daxil olan, həmçinin sosial şəbəkələrdə yazılan şikayət, giley dolu rəylər statuslar da bunu deməyə əsas verir. “Azercell” isə nə edir? Bir çox media qurumlarına aylıq 5-10 danışıq karti verməklə onları asılı hala salıb və belkəliklə də həmin şikayətlərin ictimailəşməsinin qarşısını alır. Bu mövzuda azsaylı müstəqil media orqanlarında yazılar da dərc olunub. Məsələn AzNews.az xəbər portalı “Azercell” mobil rabitə şirkəti ilə əməkdaşlıqdan və reklam tərəfdaşlığından 01.01.2019-cu il tarixdən etibarən birtərəfli qaydada imtina edib və bu imtinanın səbəblərini portalın baş redaktoru belə izah edib:

“Əvvəla “Azercell” şirkətinin reklam və press-relizlər üçün redaksiyaya ödənişi çox azdır və real bazar qiymətlərinə uyğun deyil. “Qəpik-quruş qarşısında hər ay xeyli press reliz göndərir və yayınlamamızı istəyirlər. Biz heç kimin qulu deyilik. Biz bu məbləği həm özümüzə, həm də bütövlükdə Azərbaycan jurnalistikasına hörmətsizlik kimi qəbul edirik. Digər tərəfdən “reklam tərəfdaşıyıq” deyə həmin cüzi məbləğ qarşılığında “Azercell”-lə bağlı tənqidi materialların yayınlanmasına etiraz edirlər. Bizə heç kim belə şərt qoya bilməz. Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayınlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk. Qurama kombinasiyalarla vətəndaşları soyur, mediaya “sus haqqı” göndərirlər. Başlarına dəysin onların qəpik-quruşu, bizim belə pula ehtiyacımız yoxdur. Aznews.az üçün oxucuların güvəni əsasdır. Nəhayət, bu qurumdan heç kimi tapa bilmirik. Təsəvvür edin, Azərbaycanda istənilən nazirin qəbuluna düşmək daha asandır, nəinki “Azercell”in marketinq, reklam və PR işlərinə məsul olan şəxslərinin. Şirkətə zəng edirsən, calaşmaq mümkün deyil. Bu cür diletantlarla işləməyi özümüzə rəva görmürük. Getsinlər, “reket media” ilə əməkdaşlıq etsinlər”.

Başqa bir tanınmış tanınmış jurnalist Seymur Verdizadə isə yazır ki, xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətlərindən biri ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənib: “Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur”. Jurnalist marağı güc gəldiyi üçün S. Verdizadə onu bir qədər sorğu-sual edib. Məlum olub ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur. Soydaşımız kiçik riyazi hesablama aparandan sonra jurnalistə belə deyib:“Sizin pulla ayda 6 manat ödəməklə 30 saat şəbəkədaxili, 25 saat isə şəbəkəxarici danışıq limiti əldə edirik”.

S. Verdizadə yazır ki, telefon onun üçün qısa ünsiyyət vasitəsidir: “Bu qayda həm mobil, həm də ev telefonları üçün keçərlidir. Buna görə də Azərbaycanda mobil rabitə xərclərinin ucuz və ya baha olması məni heç vaxt narahat etməyib. Mən həmişə canlı ünsiyyətə maraq göstərmişəm.

Bir neçə ay əvvəl “Bakcell” nömrəsi almışdım. Əvvəldən “Azercell” abunəçisi olduğum üçün yeni nömrəmi heç kimə vermədim. Həmin nömrənin indi rəfdə hansı kitabın arasında olduğunu heç cür xatırlaya bilmirəm…

İyul ayının 1-də dostlarımdan biri mənə “Nar” nömrəsi hədiyyə etdi. Dərhal da izahat verdi: “Şəbəkədaxili zənglərin dəqiqəsi 1 qəpikdir. Amma şəbəkəxarici zənglərin hər dəqiqəsi üçün 4 qəpik çıxılacaq. Bayramlarda, əlamətdar günlərdə şirkətin hədiyyəsi də olacaq”.

Telefonum 2 nömrə daşımağa qadir olduğu üçün həmin gündən “Azercell”ə yanaşı, “Nar Mobile” abunəçisi də oldum. Özümün 5-10 manat irəli düşməyimi qoyaq bir tərəfə, “Nar” abunəçisi olan dostlarımın canı dincəlib. Onlar ehtiyac olanda məni arayıb, ürəkləri istədikləri qədər danışa bilirlər. Bəzən çaşıb, “Azercell” nömrəsi ilə digər mobil operatorların abunəçisi olan dostlarıma zəng vururam. Ağzımı açmağa macal tapmamış balansımdan 14 qəpik silinir. Bunun adı soyğunçuluqdur! Bilirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəbəkəxarici zənglərin qiymətini aşağı salmaq üçün dəfələrlə “Azercell”ə müraciət etsə də, bu günə kimi müsbət nəticə əldə olunmayıb”.

Jurnalist ölkə KİV-lərinə bildirib ki, 15 ildir “Azercell” abunəçisi olsa da, son vaxtlar nəinki digər mobil operatorların abunəçilərinə, hətta “Azercell” abunəçilərinə də “Nar” nömrədən zəng vurur: “Telefonumuzda “Azercell” nömrəsi ola-ola bu şirkətin abunəçilərinə digər mobil operatordan zəng vururuqsa, bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir şirkət bu rəzilliyə dözməməlidir”.

“Azercell” haqqında istehlakçı kimi etdiyiniz şikayətlərin, sosial şəbəkədə yazdığınız giley-güzarın saytlara niyə yol tapa bilməməsinin səbəbi bu açıqlamadadır. Lakin müstəqil media qurumu olaraq biz istehlakçıların obyektiv və əsaslı şikayətlərini araşdırıb dərc etməyə çalışacağıq ki, problemlərin həll olunmasıda bizim də az da olsa töhfəmiz olsun. Hamı 5-10 “kontur”a görə oxucu şikayətlərini bir küncə tullasa axırımız necə olacaq? Bütün bunlarla bağlı araşdırmalarımız davam edir və ətraflı şəkildə silsilə yazılarla hamısına toxunmağa çalışacağıq.

“Azercell”in də söz haqqını tanıyır və mövqe bildirərlərsə dərc etməyə hazır olduğumuzu bildiririk.

Yenilik.Az

Bənzər yazılar

Back to top button