İqtisadiyyat

Nazirlik layihəsinə 300 min ayırdığı xəstəxananın tikintisinə nə qədər xərcləyəcək?

Bakıda 4 saylı Uşaq Vərəm Sanatoriyasının söküldüyü barədə məlumat vermişdik. Məlumatda sanatoriyanın yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikiləcəyini qeyd etdmişdik. Həmçinin vurğulamışdıq ki, Səhiyyə Nazirliyi yeni xəstəxananın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Qaynarinfo xəbər verir ki, qurum artıq satınalma müsabiqəsini yekunlaşdırıb. Tenderin qalibi “BİMD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Yeni xəstəxananın layihə-smeta sənədləri Səhiyyə Nazirliyinə 295 800 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “BİMD” QSC 28 dekabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8-də yerləşir. QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.

“BİMD” QSC 17 noyabr 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin tarxidə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. Şirkətin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, “BİMD” QSC BİM (Building İnformation Modeling – Binaların İnformasiya Modelləşdirilməsi) texnologiyalarını tətbiq edən ilk şirkətlərdəndir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “BİMD” QSC tenderlərdə fəal iştirak edir.

QSC 2021-2023-cü illər ərzində dövlət qurumlarından 3 403 542, 9 AZN dəyərində sifariş alıb. Satınalma müqavilələrinin hamısı layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır.

QSC-nin qanuni təmsilçisi İlkin Qarayevə gəlincə, açıq mənbələrdə onun barəsində heç bir məlumata rast gəlinmir.

Bənzər yazılar

Back to top button