Hadisə

Helikopter qəzasından xilas olan hərbçilər partiya sədrinin həbsini tələb edir

Onların məhkəməyə şikayətinə yanvarın 7-də baxılacaq

Noyabrın 30-da Xızı rayonu ərazisində – Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin uğradığı qəza zamanı xilas olmuş iki nəfər Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsini tələb edir.

Onlar məhkəmədə partiya sədrinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiada Əli Əliyevin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılması – 6 ay azadlıqdan məhrum edilməsi tələb olunur.

DSX-nın Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayətinə Yasamal rayon Məhkəməsində baxılır.

Emil Cəfərovun iddia ərizəsi hakim Hüseyn Səfərov, Ramin Ədilovun iddiası isə Rauf Daşdəmirovun icraatındadır.

Partiya sədrinə qarşı həbs tələbinin səbəbi onun qəzadan sonra – dekabrın 9-da “Youtube” şəbəkəsində – “Osmanqızı” kanalında çıxışında səsləndirdiyi fikirlərdir.

Əli Əliyev helikopter qəzası haqda danışarkən bildirib ki, oradan sağ çıxdığı iddia olunan bu adamların əslində, orada olmasına inanmır.

O, efirdə qəzanın səbəbləri haqda danışan Emil Cəfərov və Ramin Ədilovun üzündə adi cızıq, çapıq izlərinin olmamasına diqqət çəkib: “Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması, o adamın həmin vertolyotda olması inandırıcı deyil. Sərnişin qəzanın səbəbini bilə bilməz. Yalnız pilot – idarə edən pozuntunun uçuşda olan problem haqda ehtimal irəli sürə bilər. Bu adamlar isə məhz o məsələni vurğulayırlar. Bu da bir daha göstərir ki, onlar öyrədilib”.

DSX-nın hərbçiləri iddia edir ki, Əli Əliyev onların barəsində bu cür fikirlər səsləndirməklə şərəf və ləyaqətlərini alçaldıb, nüfuzlarına zərbə vurub.

Onlar iddia ərizələrində vurğulayıb ki, Əli Əliyev faktiki onları xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı yalan məlumat verməkdə ittiham edir, cəmiyyət və kollektiv arasında nüfuzdan salır.

Əli Əliyevə qarşı hər iki iddia üzrə dekabrın 24-də məhkəmənin hazırlıq iclasları keçirilməliydi. Lakin hər iki hakim məhkəmə prosesini yanvarın 7-nə təxirə salıb.

Noyabrın 30-da baş vermiş qəza nəticəsində 14 nəfər, o cümlədən iki polkovnik həlak olub.

Baş Prokurorluğun hadisənin istintaqıyla bağlı məlumatında deyilir ki, qəzaya pilotların səhvi – eniş zamanı küləyin istiqaməti və sürətininin nəzərə alınmaması səbəb olub.(Meydan TV)

Bənzər yazılar

Back to top button