Cəmiyyət

İNANIRIQ Kİ, TƏBİB FİLİN BAŞINI TAPACAQ -MEDİAYA AZADLIQ!

Bütün dünyanı cənginə alan Covid 19 pandemiyası demək olar ki, həyatın bütün sahələrini iflic edib. Xüsusilə sərt karantin tədbirlərinin yumşaldılmasından sonra ölkəmizdə virusa yoluxanların sayı hər gün artan dinamika ilə çoxalır. Vəziyyət ciddiləşir, pandemiya getdikcə şiddətlənir. Təbii ki, burada müxtəlif amillər rol oynayır-Operativ Qərargahın birdən-birə yumşalma tədbirlərini sürətləndirməsindən tutmuş vətəndaşların sosial məsuliyyətsizliyinə qədər. Son günlər yoluxma hallarının xüsusilə rekord həddə çatması dövlət qurumlarını yenidən hərəkətə keçirib.

Artıq sabahdan 2 gün ərzində Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron rayonunda və Lənkəranda küçəyə çıxma qadağası elan olunur. Operativ Qərargah daha sərt addımlar atmağa qərar verib. Təbii ki, media mənsubu olaraq biz də atılan addımları bir az gecikmiş olsa da təqdir edirik. Amma, hər zaman olduğu kimi qərargahın qəbul etdiyi qərarların mütləq bir əmması var. Özü də bu dəfə bizləri-KİV nümayəndələrini hədəfə alıblar.

Küçəyə çıxma qadağası televiziya əməkdaşlarından başqa bütün KİV nümayəndələrinə də şamil olunur. Yəni Operativ Qərargahın qərarına görə Azərbaycan medyası da 2 gün boyunca “evdə qal” kompaniyasına məhkum olunur. Qərargahın məntiqinə görə 2 gün boyunca evdən çıxmayan vətəndaşlar informasiya da almamalıdır. Yalnız telekanallarımızın bizlərə sırıdığı ucuz şoulara və seriallara baxmalıdırlar. Nəzərə alsaq ki, ölkə telekanallarına baxanların sayı informasiyanı saytlardan alanların sayından dəfələrlə azdır,o zaman real vəziyyəti təsəvvür etmək çətin deyil. Operativ qərargah media nümayəndələrinə normal fəaliyyət imkanı yaratmamaqla demək olar ki, insanları normal informasiya hüququndan məhrum edir. Sonra da deyirlər ki, insanlar pandemiyaya inanmırlar.

Bir gün Əmir Teymurun fili xəstələnir. Məmləkətin ən tanınmış həkimini çağırırlar ki, fili müalicə etsin. Bir müddətdən sonra gedib görürlər ki, həkim filin ətrafında dolanır. Soruşurlar ki, bəs neynirsən? Həkim cavab verir ki, mən hələ bu filin başını, arxasını tapa bilmirmirəm. Başını tapım,müalicəyə başlayacam.

İndi Operativ qərargah,TƏBİB mənsubları da həmin həkimin vəziyyətindədirlər. Yoxsa belə qeyri-müəyyən qərarlar qəbul etməzdilər. İnanaq ki, tezliklə TƏBİB filin başını tapacaq. Yoxsa hələ çox görəcəklərimiz var. Bizə isə Mətbuat Şurasının da tövsiyə etdiyi kimi qanunlara riayət etmək düşür.

Rubrika.az

Bənzər yazılar

Back to top button