Hadisə

“Hakim məhkəmədə MTN generalına vəkillik edir” – Zərərçəkənlərin iddiası…

Yanvarın 11-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən ilin oktyabrında başlanan açıq məhkəmə prosesinə jurnalistlər buraxılmır. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığı açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.

Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir.

Bakı Hərbi Məhkəməsində Prezident sərəncamından bixəbərdirlər?

Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014 tarixli, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı var. Həmin sərəncamın 2.6. bəndində deyilir:

-məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır.

Bakı Hərbi Məhkəməsində isə sanki prezident sərəncamını heç eşitməyiblər.

“Belə ruhi-əsəb problemləri olan adamın nə üçün hakim kimi qalmağı məni təəccübləndirdi”

AzToday.az-ın məlumatına görə, bununla bağlı zərərçəkən Nizami Kazımovun vəkili Elçin Sadıqov “Yeni Müsavat”a deyib ki, məhkəmə iclasında prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox, etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparır. Vəkil deyib ki, ötən proseslərdən birində hakimə etdiyi qanunsuzluğa görə etirazını bildirib: “Hər kəsdən telefonunu qanunsuz alan hakimə mənim telefonumu da almasına etiraz edəndə dedi ki, səsini al. Sanki mən pıçıldayaraq danışmalı və bundan üzr istəməli idim. Guya məni ilk dəfə eşidirdi və səsimin gur olduğunu bilmirdi. Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq, səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təəccübləndirdi. Vəkil yoldaşların xahişi ilə telefonu verdim. Bu telefon məsələsinə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur. Halbuki elektron məhkəmədə sənədlərə baxılması, yüklənməsi və s. hərəkətlərin hamısı telefon üzərindən asan imza və internet vasitəsilə olur. Hakimin belə qanunsuz hərəkəti nəticəsində baxılan həmin iş üzrə heç bir sənədə baxmaq imkanım olmadı. Mövlam Şixəliyev tərəfindən verilən vəsatətlər və digər sənədlər elektron məhkəmədə olduğuna görə sənədlərə çatım imkanım olmadı. Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi birdəfəlik həll edilməlidir”.

Vəkil deyir ki, iş üzrə mülki iddiaların qəbul edilməsi üçün rüsum tələb edilir: “Bu məsələyə aydınlıq gətirməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etmişik. Son vaxtlarda cinayət işləri üzrə məhkəmələrdə rastlaşdığım problem və ikili yanaşma ilə bağlı yazıram. Bildirirəm ki, son dövrlərdə məhkəmələr arasında cinayət prosesi zamanı mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı fikir ayrılıqları vardır. Bəzi məhkəmələr mülki iddia üçün dövlət rüsumunun ödənilməli olmadığını bildirsələr də, bəzi məhkəmələr dövlət rüsumunun ödənilməli olduğunu bildirirlər. Hətta Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adları Hökumət Ödəniş Portalında olmadığından həmin məhkəmələrə dövlət rüsumları ödəmək mümkün deyildir. Həmin məhkəmələr mülki iddiaları dövlət rüsumu olmadan icraatlarına qəbul edirlər.

Bildiyiniz kimi, AR CPM-dən 182-ci maddə çıxarılmışdır.

AR CPM-in iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutan 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.

AR CPM-in 183.3. maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göründüyü kimi, mülki iddianın icraata qəbul edilməsindən imtina olunması əsasları arasında dövlət rüsumunun ödənilməsi göstərilməmişdir.

AR CPM-in 179.2. maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

Qeyd edilməlidir ki, qeyd edilən maddəyə görə mülki prosessual qanunvericiliyin normasının tətbiqi imperativ xarakter daşımır. Həmçinin qeyd edilən maddə mülki iddianın icraata qəbulunu deyil, mülki iddia üzrə icraatda (!) zəruri olan qaydaları nəzərdə tutur. Yəni qəbuledilənliklə bağlı əsasları deyil, prosessual əsasları nəzərdə tutur. Məsələn, maddi zərərin məbləğini, xəstəxana xərclərini sübut etmək, hüquq xidməti xərclərinə dair sübutlar təqdim etmək kimi çəkişmə prinsipinin meyarlarını ehtiva edir.

Digər bir tərəfdən, “Dövlət rüsumu haqqında” AR Qanununa əsasən mülki işlərdə apelyasiya və kasasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun 50 faiznin ödənilməsi, eyni zamanda AR MPM-də apelyasiya və kasasiya şikayətləri üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda AR CPM-də apelyasiya və ya kasasiya şikayəti vermək hüququ olan şəxslərin (apelyasiya, kasasiya şikayətinin kim tərəfindən verilməsindən asılı olmayaraq) dövlət rüsumu ödəməli olması nəzərdə tutulmayıb”.

“Mövlam Şıxəliyevə vəkil gərək deyil, çünki hakim həm də ona vəkillik edir”

Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Bu günə qədər zərərçəkənlərdən 3 nəfər sərbəst ifadə verib. Həmin epizodlar üzrə şahidlər dindirilib.

Vəkil bildirir ki, hakim Elbəy Allahverdiyev hər bir epizod üzrə zərərçəkənlərin, onların vəkillərinin təqsirləndirilən şəxslərə suallar verib dindirilməsinə şərait yaratmır.

Zərərçəkən şəxslərdən Əhməd Mirzəyev sərbəst ifadəsi zamanı Mövlam Şıxəliyev və digərlərin ondan hədə-qorxu ilə, qanunsuz həbs edib girov götürməklə 500 min dollar alındığını açıqlayıb. Xüsusən bildirib ki, bundan sonra onun barəsindəki qondarma cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Əfqan Hacıyev isə ondan 100 min dollar pul alıb. Hakim pulu Əhməd Mirzəyevə şərti cəza vermək üçün aldığını deyib.

Əhməd Mirzəyevin bu məsələ ilə bağlı ifadəsinə Elbəy Allahverdiyev etinasız yanaşıb, zərərçəkənin açıqladığı faktların yoxlanılması üçün xüsusi qərardad çıxarılmasından yayınıb.

Zərərçəkənlər hakimin bu hərəkətini təqsirləndirilən şəxslərin barəsində çoxsaylı ifşaedici məlumatların, faktların üzə çıxmasını önləmək istəyindən irəli gəldiyini deyirlər: “Təqsirləndirilən şəxslərə, xüsusən Mövlam Şıxəliyevə vəkil gərək deyil, çünki hakim həm də ona vəkillik edir”.

5 ilə yaxın davam edən istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.

Bənzər yazılar

Back to top button