Hadisə

Polad Aslanovun xanımı koloniyada onun vəziyyətinin pisləşdiyini bildirib

Yanvarın 6-dan 1 saylı koloniyada aclıq edən Polad Aslanovda əsəb tutmaları başlayıb və dil qatlanması baş verir. Bu barədə onun xanımı Gülmirə Aslanova yanvarın 12-də Turan-a bildirib.

Onun sözlərinə görə, Polad danışa və müstəqil hərəkət edə bilmir. Bu barədə ona qeyri-rəsmi mənbələr bildiriblər, çünki telefonla əlaqə saxlamağa icazə verməyiblər.

Aslanova Ombudsman Aparatına müraciət edib, onu əmin ediblər ki, həyat yoldaşı tibb işçilərinin nəzarəti altındadır.

Öz növbəsində, Ombudsman Aparatından Turan agentliyinə bildiriblər ki, qurumun nümayəndələri Aslanova baş çəkiblər və başçəkmənin yekunlarına dair məlumat veriləcək.

Bu gün Gülmirə Aslanovanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində təkrar qəbul ediblər. Bu dəfə vəkil Elçin Sadıqov da onunla gedib. Lakin görüş nəticəsiz qalıb.

Aslanovanın sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, bu iş üzrə hökm qanuni qüvvəyə minib. Hazırda iş baxılmaq üçün Azərbaycan Ali Məhkəməsindədir və məhkəmənin işinə müdaxilə etmək mümkün deyil.

“Vəkil və mən Poladın hüquqları ilə bağlı çoxsaylı pozuntuları qeyd etdik: “dövlətə xəyanət” maddəsi üzrə günahına sübutun olmaması. Həmçinin dedik ki, Azərbaycan reallığında Dövlət Təhlükəsizliyi Xidməti məhkəmələrin qərar qəbul etməsinə təsir göstərmək vasitələrinə malikdir”, – Aslanova deyib.

O həmçinin qeyd edib ki, bu səhər həyat yoldaşı koloniyadan zəng etməliydi.

“İndiyə qədər zəng etməyib. Ya ona zəng etməyə icazə verməyiblər, ya da səhhətində ciddi problemlər var, danışa bilmir. Mən Qırmızı Xaç Komitəsinin Bakı ofisinə telefon edim. Lakin onlar koloniya rəhbərliyinə zəng edəcəklərini vəd etdilər və dedilər ki, bu gün Polada baş çəkə bilməyəcəklər”, – Aslanova deyib.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

*Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə mühakimə olunub və İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Bənzər yazılar

Back to top button