İqtisadiyyat

Mobil soyğunçuluq

İqtisadçı Rövşən Ağayev Azərbaycanda mobil internetin bahalığına diqqət çəkib.

AzToday.az xəbər verir ki, iqtisadçı Gürcüstanın mobil rabitə operatorlarından birinin tariflərini misal gətirərək yazır: “Limitsiz mobil internet tarifi 50 sent (85 qəpik), həftəlik tarif 2,3 dollardır (3,9 manat). Yəni limitsiz aylıq internet hətta 15 manat belə deyil. Beyləqanda, kənddəki evimizdə genişzolaqlı internet yoxdur. Uzun müddət kənddə qalanda “Azərsell”in mobil internetindən istifadə etməyə məcbur oluruq. Limitsiz internet paketləri ancaq saatlıqdır. 1 aya 50 manatdan artıq xərcləyirik, hələ qənaətlə istifadə etməklə.

Təklif olunan ən sərfəli internet paketlərindən limitsiz internet kimi istifadə edəsi olsan, ayda ən azı 60-100 manat xərcləməlisən.

Məsələn, ən sərfəli limitsiz paket 6 saatdır. Günün aktiv vaxtları üçün iki dəfə götürsən, 3,8 manat ödəməlisən – ayda ən azı 100 manat.

Daha uzun dövrə ən sərfəli paketlərdən biri 50 giqabayt üçün 30 manatdır. Genişzolaqlı internet kimi istifadə edəsi olsan, ən azı ayda 100 giqabayt tələb olunacaq və 60 manat ödəməlisən.

Azərbaycanda mobil internet həddən artıq bahadır, soyğunçuluq həddindədir. Gürcüstanla müqayisə edəndə daha aydın görmək olur. Günlük limitsiz tariflər arasında fərq 4 dəfə, aylıq hesabda azı 5 dəfədir. Gürcüstanda limitsiz həftəlik mobil internetin dəyəri bizdə gündəlik limitsiz internetin dəyərinə bərabərdir. Rəqabətin üstünlüyünü, inhisarçılığın vurduğu ziyanı bu nümunə daha aşkar nümayiş etdirir”.

Bənzər yazılar

Back to top button