Siyasət

“Laçın dəhlizində istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz…”

Prezident İlham Əliyev bu gün yerli telekanallara verdiyi müsahibədə Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən və Laçın dəhlizinə nəzarət imkanlarından danışıb.

İlham Əliyevdən daha bir sitat:

-Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram.

Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər.

Qıcıq doğuran məsələlərə toxunan prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair.

Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz…

Bənzər yazılar

Back to top button