ManşetSiyasət

Vətəndaş cəmiyyəti “Azadlıq” radiosu ilə bağlı bəyanat yaydı: “Şəffaf araşdırılsın”

Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi və media təmsilçisi Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti ilə bağlı iddiaların şəffaf araşdırılmasına çağırış edib.

Onlar Azadlıq Radiosunda baş verənlərin ciddi araşdırılmasını tələb ediblər.

AzToday.az arqument.az-a istinadən həmin bəyanatı olduğu kimi təqdim edir:

“Biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə bağlı iddialara diqqət çəkmək istəyirik.

Biz Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə əməkdaşlıq etmiş bir sıra peşəkar və müstəqil jurnalistlərin ictimailəşdirdiyi iddialara böyük əhəmiyyət veririk. Azadlıq Radiosu rəhbərliyinin əməkdaşlarına qarşı təzyiqləri və pis rəftarı, onun müstəqil və qərəzsiz media prinsiplərinə sadiqliyini pozması ilə bağlı iddialar dərin narahatlıq doğurur. Üstəlik, şəffaf araşdırmanın aparılmaması və Radioda kök salmış mənfi təcrübələrə işarə edən əsaslı iddiaların təkzib edilməsi Radionun jurnalist dürüstlüyünə sadiqliyi ilə təzad təşkil edir.

Biz həm Bakıda, həm də Praqada işçilərin səkkiz il ərzində uzun müddət davam edən pis rəftar və təhdidlərlə üzləşməsindən dərin narahatıq. Natiq Zeynalov, Şahnaz Bəylərqızı kimi qiymətli jurnalistlər Xidmət rəhbərliyinin səhlənkarlığı və biganəliyi ucbatından bu qurumu tərk ediblər.

Araşdırmaçı jurnalist Hafiz Babalı və tənqidçi reportyorlar Kamran Mahmudov, Gülnur Kazımova, İslam Şıxəli, Orxan Rüstəmzadə, Rəvan Seyfulla, Arzu Çinarlı (Əliyeva), Ramin Cəbrayılzadə (Deko), Turxan Kərimov (Qarışqa) və Namiq Hüseynov haqsız yerə işdən çıxarılıb.

Tələb edirik ki, adları çəkilən jurnalistlərin xidmətdaxili redaksiya-idarəçilik fəaliyyətinin pis idarə olunması ilə bağlı ictimai ifadələri ədalətli, müstəqil və qərəzsiz araşdırma üçün ciddi qəbul edilsin. Həmin reportyorlar Azərbaycan vətəndaş cəmiyyətinin və tənqidi medianın etibarlı şəxsləridir. Bundan əlavə, iddiaların hazırkı vəziyyəti Azərbaycan ictimaiyyəti qarşısında radionun nüfuzunu aşağı salır.

Biz həmçinin Xidmətin rəhbərliyi ilə bağlı maliyyə pozuntuları iddiaların araşdırılmasının vacibliyini vurğulayırıq. Keçmiş əməkdaşların və Radionun fəaliyyəti ilə tanış olan vətəndaş cəmiyyəti fəallarının ciddi iddiaları düzgün araşdırma tələb etsə də, onların həlli üçün konkret tədbirlər hələ də yoxdur.

Aydındır ki, bu hərəkətlər Azadlıq Radiosunun Etik Jurnalistika Standartları (Peşəkar Müstəqillik və Pozulmalar və İntizam Hərəkətləri), USAGM-nin Bərabər Məşğulluq İmkanları siyasətinə və Jurnalistlərin Hüquq və Vəzifələri Bəyannaməsi ilə bağlı Münhen Xartiyasına birbaşa ziddir. Nizamnamədə göstərildiyi kimi, redaksiya heyəti müəssisənin işinə təsir göstərə biləcək bütün vacib qərarlar barədə mütləq məlumatlandırılmalıdır. Ən azı redaksiya heyətinin tərkibi ilə bağlı bütün məsələlər üzrə qəti qərar qəbul edilməzdən əvvəl onunla məsləhətləşmələr aparılmalıdır: məsələn, Jurnalistlərin işə qəbulu, işdən çıxarılması, dəyişdirilməsi və vəzifədə yüksəldilməsi” (3.1).

Bu halları nəzərə alaraq, biz qəti şəkildə inanırıq ki, Xidmətdəki bu vəziyyət dərhal şəffaf və obyektiv şəkildə həll edilməlidir. Azadlıq Radiosunun jurnalistika sahəsindəki əhəmiyyətini qiymətləndirən vətəndaş cəmiyyətinin üzvləri olaraq biz, hazırda prezident səlahiyyətlərini icra edən direktor Jeff Gedmini Xidmətin prinsiplərə sadiqliyini bərpa etmək və ictimai imicini yaxşılaşdırmaq üçün müstəqil araşdırma aparmağa çağırırıq.

Buna nail olmaq üçün bu bəyanat çərçivəsində aşağıdakı tövsiyələri təklif edirik:

1. Bütün iddiaları, xüsusən də maliyyə pozuntuları ilə bağlı hərtərəfli və şəffaf şəkildə araşdırmaq üçün müstəqil komitə yaradılsın.

2. Azərbaycan Xidmətinin direktoru İlkin Məmmədovun və Bakı Bürosunun rəhbərinin araşdırma zamanı vəzifələri müvəqqəti olaraq dondurulsun.

3. Həm Praqa, həm də Bakı ofislərində rəhbərliyin təcrübələri ilə bağlı narahatlıqlarını ifadə edən keçmiş və indiki işçilərə qarşı pis rəftar, təqdir edilməməsi, zorakılıq və təqib iddiaları ilə bağlı araşdırmalar aparılsın.

*Bəyanata imzalayanlar:

Arzu Qeybulla (jurnalist)
Aytac Tapdıq (jurnalist)
Anar Məmmədli (hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi Mərkəzi)
Adnan Hacızadə (civic activist)
Çingiz Sultansoy (jurnalist)
Emin Aslanov (hüquqçu)
Elməddin Şamilzadə (jurnalist)
Əfqan Muxtarlı (jurnalist)
Əbülfəz Qurbanlı (Article 54)
Əziz Kərimov (fotojurnalist)
Gülnara Mehdiyeva (feminist fəal)
Həbib Müntəzir (co-founder of Meydan TV, blogger)
Həmidə Qiyasbəyli (sülh və münaqişə fəalı)
İzzətxanım Cabbarova (jurnalist)
Leyla Həsənova (gender fəalı)
Kamran Mahmudov (jurnalist)
İmran Əliyev (Meclisinfo.org-un təsisçisi)
Namiq Hüseynov (jurnalist)
Nəcmin Kamilsoy (tədqiqatçı, Agora platformasının həmtəsisçisi)
Nərmin Şahmarzadə (feminist fəal)
Nicat Məmmədbəyli (hüquqçu, Müstəqil Hüquqşünaslar Şəbəkəsi)
Nicat Əmiraslanov (jurnalist)
Mehman Hüseynov (bloger)
Səməd Rəhimli (insan hüquqları üzrə hüquqşünas)
Zöhrab İsmayıl (Azad İqtisadiyyata Yardım İB)
Toğrul İsmayılov ( “Toxum” Platformasının təsisçisi)
Tural Ağayev (hüquqçu)”.

Bir müddət öncə radionun əməkdaşları İslam Şıxəli, Rəvan Seyfulla, Orxan Rüstəmzadə, Arzu Əliyeva və Ramin Deko əsassız işdən çıxarılmaları ilə bağlı bəyanat yaymışdılar.

Onlar radioda ədalətsiz idarəetmə qeyri-şəffaf fəaliyyət, disskriminasiya, bullinq və işçilərə qarşı digər kobud davranışlara etiraz edirdilər.

Azadlıq Radiosu isə avqustun 4-də açıqlama yayaraq bu iddiaları təkzib etmişdi.

Həmin müraciətdə deyilirdi: “Son günlər Azərbaycanda sosial media şəbəkələrində Azadlıq Radiosunun bəzi keçmiş əməkdaşları və digər şəxslər radionun rəhbərliyinə qarşı müxtəlif iddialar səsləndirirlər.

“AzadAvropa/AzadlıqRadiosu social mediada yayılan, Azərbaycanda jurnalistika fəaliyyətimizi ləkələməyə çalışan əsassız iddialardan dərin narahatlıq bildirir. AzadAvropa/AzadlıqRadiosu azad və ədalətli jurnalistikaya sadiqdir”, – açıqlamada deyilir.

“Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib.

Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb.

Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

AzadlıqRadiosu həm vergi ittihamları, həm də vebsaytının bloklanmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib, hər iki iş üzrə məhkəmənin qərarını gözləyir.

Azərbaycan hakimiyyəti ölkədə təməl insan haqları, söz və ifadə azadlığının pozulmasına dair beynəlxalq insan haqları qruplarının tənqidini qəbul etmir.

AzadlıqRadiosu indiyədək prezident ailəsinin, onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair araşdırmalar dərc edib.

Radio Azərbaycanda hökumətin mediaya total nəzarət etdiyi bir mühitdə senzurasız, qərəzsiz, balanslı jurnalistika fəaliyyətini davam etdirir, aparıcı müstəqil xəbər mənbəyi imicini qoruyub saxlayıb”, – deyə açıqlamada qeyd olunmuşdu.

Bənzər yazılar

Back to top button