İqtisadiyyatManşet

Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI… – “Rabitəbank” kredit yox, sələm verirmiş…

Naxçıvan Muxtar Respublikasında maliyyə maxinasiyası barədə dəfələrlə məlumat vermişik. Onu da qeyd etmişik ki, hər il Azərbaycan büdcəsindən 100 milyonlarla vəsait alan Muxtar Respublika hakimiyyəti əlinə düşən milyonları necə gəldi xərcləyir, paytaxtın ayırdığı dotasiyadan “kiçik torpaq” sakinlərinin faydalanmasına imkan vermir, nəticədə çörəklə imtahana çəkilən əhali yurd-yuvalarını tərk edib dünyanın müxtəlif ölkələrinə axışırlar. Şüurlu və ya şüursuz yerli rejim tərəfindən boşaldılan Naxçıvan Allahın umuduna buraxıldığı halda, Muxtar Respublikanın inkişafına ayrılan vəsaitlər israfçı layihələrin “reallaşmasına” sərf olunur. Bu barədə ovqat.com saytı məlumat yayıb.

Qeyd edək ki, bu xüsus 2019-cu ilin 18 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə də eyhamlı üslubla qarşı tərəfin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Naxçıvanda görülən işlər barədə Vasif Talıbova müxtəlif suallar vermiş, aldığı cavablara uyğun tərzdə bir az da nəzakət xətrinə onun quruculuq qabiliyyətini tərifləmiş, sonunda isə əsl sözünü demişdi: “Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın”.

Sanki Prezident bununla demək istəmişdir ki, bayaqdan mənə sadaladağınız bütün böyük “yatırımlar” Muxtar Respublika büdcəsinə ildə cəmi 83 milyon manat gətiribsə, çox da sinəyə döymək lazım deyil. Üstəlik, həmin illik yığıma gömrük rüsumları da daxildir. Azərbaycanda gömrük rüsumları hardasa illik yığımların yarısını təşkil edir. Yəqin ki, Naxçıvanda da elədir. Bu hesabla, bayaqdan böyük şövqlə bəhs etdiyiniz iqtisadi layihələrdən cəmi 40-43 milyon manat vergi yığa bilmisiniz. Bu isə böyük layihələr kimi ağızdolusu təqdim etdiyiniz xəyali iqtisadiyyata ayrılan vəsaitlərin göyə sovrulmasından başqa bir şey deyil.

Azərbaycan Prezidentinin incə eyhamla xatırlatdığı həqiqətlər bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında da masaya yatırılıb.

Ovqat.com-un məlumatına görə, kollegiya iclası dövlət vəsaitlərinin səmərəli istifadəsinə, daha doğrusu, ən azı bu zamanadək səmərəsiz istifadəsinə həsr olunub və təkcə 2021-ci ildə Muxtar Respublikada 71 vəzifəli şəxs dövlət büdcəsindən “səmərəli istifadə etmədiyi” üçün cərimələnib və göyə sovrulan vəsaitlər yenidən büdcəyə qaytarılıb. İl ərzində 10 milyon manata yaxın vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Başqa sözlə, milyonlarla manatlıq dövlət vəsaiti korrupsiya şirinin ağzından çıxarılıb (Ərdəbil imam-cüməsi ayətullah Amilinin qulağına qurğuşun).

Muxtar Respublikanın Maliyyə Nazirliyinin kollegiya iclasında o da bildirilib ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. Bundan əlavə, 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə qaytarılıb. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Maraqlıdır ki, Muxtar Respublikada göyə sovrulan vəsaitlər təkcə Azərbaycan tərəfindən ayrılan dotasiyalar da deyil. Naxçıvanda fəaliyyət göstərən bir sıra banklar da paytaxtdan gələn pullara dədə malı kimi baxıb və necə gəldi istifadə edib. Bir müddət əvvəl xəbər veridiyimiz kimi, “Kapital”, “Rabitə” kimi bankların regional şöbələrində aparılan audit yoxlamalarında ciddi yeyintilər aşkarlanıb. İddialara görə, ötən ilin son aylarında “Rabitəbank”da ilk audit yoxlamaları keçirilib. Həmin vaxt yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanmasa da, müfəttişlər Bakıya qayıtdıqdan sonra Naxçıvandakı hesabla mərkəzdəki hesab arasındakı fərq diqqəti cəlb edib. Qısa müddətdən sonra ikinci audit heyəti bölgəyə yollanıb. Məlum olub ki, sənədlərdə göstərilən külli miqdarda vəsait təyinatı üzrə transfer olunmayıb. Bankın xəzinəsində də bu vəsaitlərə rast gəlinməyib. Təxminlərə görə, Naxçıvandakı bir çox banklar, o cümlədən “Rabitəbank” vətəndaşlara kredit əvəzinə faizə pul verirmiş. Bu sələmçilik hesabına banklar yox, yerli bankirlər qazanırmış.

İddialara inansaq, “Rabitəbank”ın kassiri və rəhbəri barəsində istintaq prosesi başlayıb, digər banklarda da yenidən audit yoxlamaları başlayacağı gözlənilir.

Bənzər yazılar

Back to top button