Siyasət

ABŞ-ın ATƏT-dəki səfiri: “Ukrayna və Rusiya sərhədində “müharibənin təbil səsi daha gur gəlir”

Ukrayna məsələsilə bağlı Rusiya və Qərb müttəfiqləri arasında həftəlik intensiv diplomatiyadan sonra danışıqlar dalana dirənib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Hazırda biz Avropada təhlükəsizlik böhranı ilə üzləşirik. Müharibənin təbil səsi getdikcə güclənir, ritorika isə kifayət qədər kəskinləşib”, – ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter cümə axşamı xüsusi brifinqdə bildirib.

Vyanada Rusiya-ABŞ danışıqları başa çatdıqdan sonra həm Vaşinqtonda, həm də Vyanada diplomatlar bədbin fikirlər səsləndirirlər. Bu, üçüncü görüş idi. ABŞ və onun müttəfiqləri ümid edirdilər ki, Moskva Ukrayna sərhədləri boyunca gərginlik məsələsində “deeskalasiya” yolunu tutacaq.

“Rusiya-Ukrayna sərhədində 100000-ə yaxın hərbçi var. Onların iştirakı və döyüş atışları bir çox suallar doğurur və Moskvanın niyyətlərindən xəbər verir”,- Karpenter əlavə edib. “Biz buna çox ciddi yanaşmalıyıq… və eskalasiyanın baş verə biləcəyinə hazır olmalıyıq”.

Növbəti addımlara gəlincə, Karpenter Polşanın xarici işlər naziri Zbiqnev Raunun ATƏT-in sədri kimi təklif etdiyi “aktiv dialoq”dan danışıb. “Biz bu dialoqu qətiyyətlə alqışladıq, biz açıq və dürüst dialoqa çox inanırıq, burada istənilən ölkə təhlükəsizliklə bağlı öz narahatlığını ifadə edə bilər”, – Karpenter deyib.

Onun sözlərinə görə, ATƏT belə dialoqun aparılması üçün “düzgün yer”dir. Orada NATO üzrə müttəfiqlər, Avropa İttifaqının bütün üzvləri, Rusiya, Ukrayna və Rusiyanın bütün qonşuları daxil olmaqla, 57 iştirakçı dövlət var”.

O, gələcəkdə Polşanın sədrliyinin vəzifələrindən danışaraq ATƏT regionunda “digər münaqişələr”i də qeyd edib. “Dnestryanı münaqişə, Gürcüstanda, Cənubi Osetiyada və Abxaziyada münaqişələr var. Ermənistanla Azərbaycan arasında vəziyyət, son bir neçə gündə sərhəddə toqquşmalar olub. Bütün bu münaqişələr gələcəkdə həll olunacaq”,- o əlavə edib.

Bənzər yazılar

Back to top button