ManşetSiyasət

Media cameəsinin nümayəndələri prezident İlham Əliyevi KİV haqqında yeni qanunu imzalamamağa çağırıblar

Ölkə KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərdən ibarət qrup prezident İlham Əliyevə müraciət edərək media haqqında yeni qanun layihəsini imzalamamağı və onu yenidən işlənmək üçün parlamentə qaytarmağı xahiş ediblər.

Müraciətin müəllifləri sözügedən qanunun məzmunu ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək qeyd edirlər ki, bu, ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb parlamentə təqdim edilib.

Belə ki, qanun layihəsinin mətni parlament komitəsinin müzakirəsindən cəmi bir gün qalmış açıqlanıb: “Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırlmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib.

Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyətilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil”, – müraciətdə deyilir.

“Biz bu müraciətimizlə sizdən “Media haqqında” qanunu imzalamamanızı, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmanızı xahiş edirik”, – müraciətdə vurğulanır.

Müraciəti Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, media eksperti Qulu Məhərrəmli, media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev imzalayıblar.

Bənzər yazılar

Back to top button