ManşetSiyasət

Azərbaycan Şarl Mişelin dəstəyi ilə Ermənistanla danışıqlar aparmağa hazırdır – İ.Əliyev

Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla danışıqlar aparmağa hazırdır. Bu barədə prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində Niderlandın baş naziri Mark Rutte ilə görüşündə bildirib.

Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb.

Laçın-Xankəndi yolundakı vəziyyətə toxunan Əliyev qeyd edib ki, Ermənistan yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ölkənin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırılıb.

Sonda Əliyev “kriminal ünsürlərin” Qarabağdan çıxarılmasının vacibliyini bir daha vurğulayıb.

İlham Əliyev yanvarın 19-da Davosda Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Monteneqronun baş naziri Dritan Abazoviç, Avropa İttifaqının büdcə və administrasiya üzrə komissarı Yohannes Han, Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə də görüşüb.

Hindistanın Adani Group şirkətinin təsisçisi Qautam Adani ilə görüşdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qautam Adami şirkətinin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirib.

Tərəflər “Adani Group” ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlinib.

Bənzər yazılar

Back to top button