Siyasət

Hökumət minlərlə vətəndaşın danışıqlarını gizlicə dinləyir (MÜSAHİBƏ)

Ötən il vətəndaşların telefonlarını dinləmə və yazışmalarını izləmə proqramından gizlicə istifadə edən hökumətlərin ifşasının yaratdığı beynəlxalq qalmaqaldan sonra Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Mərkəzi (OCCRP) adları dinlənilənlər siyahısında olan jurnalistlərin telefonlarını yoxlayıb. Berlində işləyən Azərbaycanlı jurnalist Sevinc Vaqifqızının smartfonuna Pegasus proqramının yükləndiyi məlum olub. Bu proqram İsrailin NSO şirkəti tərəfindən işlənib hazırlanıb və arzuolunmaz vətəndaşları gizlicə izləmək üçün totalitar ölkələrə satılıb.

OCCRP Şərqi Avropa, Qafqaz, Orta Asiya, Latın Amerikası və Afrikada jurnalist araşdırmaları ilə məşğul olan KİV və ayrı-ayrı reportyorların birliyidir.

Sevinc Vaqifqızı Turan-ın suallarını cavablandırıb.

– İzlənildiyinizi necə öyrəndiniz?

– Mən Berlində olarkən izlənildiyim haqqında məlumat aldım. Təqaüd proqramı çərçivəsində orada idim, üç ay Berlində təhsil almalı idim. Ötən ilin iyulunda OCCRP əməkdaşları mənimlə əlaqə saxladılar və görüşmək istədilər. Onlar Berlinə gəldilər, mənə Azərbaycan hökumətinin sifarişi ilə dinlənilən şəxslər haqqında məlumata malik olduqlarını dedilər. Mən də bu siyahıda idim.

Onların yanında İT mütəxəssisi var idi, o, telefonumu yoxladı və İsrailin cinayətkarları izləmək üçün yaratdığı Pegasus proqramını tapdı. Azərbaycanda isə bu alətdən jurnalistlərin, vəkillərin, müxalifət xadimlərinin gizlicə izlənilməsi üçün istifadə olunur. Hökumət Pegasus vasitəsilə izlənilən şəxsin telefondakı bütün hərəkətləri haqqında məlumat əldə edə, danışıqları dinləyə bilər. Smartfonun ön kamerasından istifadə edərək müşahidə olunan şəxsin yerini müəyyən etmək olar. Azərbaycan hökuməti mənim telefonumu 2019-cu ildən dinləyir.

Amnesty İnternational təşkilatı hazırladığı məruzədə telefonumun dinlənildiyini qeyd edib. Azərbaycanda mindən çox insan bu yolla dinlənilir.

– Bir insan gizlicə dinlənildiyini necə öyrənə bilər?

– İT mütəxəssisi mənim smartfonumdan Pegasus proqramını sildi, amma, bəlkə də, telefonuma yenidən bu proqram və ya başqa bənzər proqramlar yüklənib və məni gizlicə dinləməyə davam edirlər. Bu proqramlar elə hazırlanıb ki, dinlənilən şəxsin baş verənlərdən xəbəri olmur. Proqrama qoşulmaq üçün heç nə tələb olunmur – yükləmək və ya mesajı açmaq sorğusu gəlmir. İzlənilən şəxsin heç nədən xəbəri olmur.

– Sizi niyə gizlicə izləyirlər?

– Bu, mənim jurnalist fəaliyyətimlə bağlıdır, mən Meydan TV-də işləyirəm. Danışıqlarımın gizlicə dinlənilməsi üçün başqa bir açıqlama bilmirəm.

Təəccüblüdür, çünki jurnalistlərin fəaliyyəti ilə tanış olmaq üçün onları gizlicə dinləməyə ehtiyac yoxdur, axı, biz yazdıqlarımızı açıqca dərc edirik. Hamı oxuya, izləyə bilər…

Mənə aydın deyil, onlar gizli müşahidə ilə mənim haqqında nə öyrənə bilərlər? Amma onlar mənim şəxsi həyatıma müdaxilə edirlər və informasiya mənbələrimi təhdid altına qoyurlar. Jurnalistin informasiya mənbələrinin gizliliyi hüququ var, hökumət isə bu hüquqa məhəl qoymur.

– Dinlənildiyinizi öyrəndikdən sonra həyatınızda və işinizdə nəyi dəyişdirdiniz?

– İnformasiyamı müdafiə etmək üçün rəqəmsal metodlardan istifadə etməyə başladım. Nəşr üçün mənə məlumat verən insanların adlarını gizlətməyə çalışıram ki, hökumət onlara problem yaratmasın. Onlarla söhbət edərkən izlənə biləcəyim üçün mənə məlumat verərkən diqqətli olmaları barədə xəbərdarlıq edirəm.

– Niyə sizi dövlətin izlədiyini düşünürsünüz? Bəlkə bu, ayrı-ayrı şəxslər, təşkilatlardır?

– İsrailin NSO şirkəti öz proqramını yalnız hökumət təhlükəsizlik xidmətlərinə satdığını bildirib. Yəni, deyə bilərəm ki, dövlət xidmətlərindən biri izləyir. Amma hansı olduğunu dəqiq bilmirəm.

Bənzər yazılar

Back to top button