Siyasət

Tofiq Yaqublu qərarında nələr var?

Siyasətçi Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna şikayəti üzrə araşdırmanın yekun qərarını alıb. Novator.az-ın məlumatına görə, o yazır ki, müstəntiqlər Hilal Abbasov və Araz Əkbərovun hazırladığı qərarda ötən il dekabrın 1-də aldığı xəsarətlərin səbəbi tam təhrif olunub: “Guya xəsarətləri polisə şər atmaq məqsədilə bölmədə özümü divara, yerə vuraraq və əllərimlə sifətimə zərbələr endirərək almışam. Qərarda beləcə də yazıblar və bu haqda çox sayda “şahid” polislərin ifadələri yer alıb.

Qeyd olunur ki, guya məni polis bölməsindən saat 17:45-də buraxıblar. Yazıblar ki, həmin ərəfədə polis bölməsində və o ətrafda, şəhərin mərkəzində müşahidə kameralarının heç biri işləməyib.

Mənim saat 18:20-də Ələt qəsəbəsində maşından düşürülməyimin videosu və oradan etdiyim telefon zənginin sübutu var.

O cür ağır işgəncəyə məruz qalmış adam pik saatda, şəhərdə avtomobillərin tıxacda ilişib qaldığı bir vaxtda 17:45-də paytaxtın mərkəzindəki polis bölməsindən çıxıb 35 dəqiqə ərzində Ələt qəsəbəsinə necə gedib çıxa bilərdi?

Əgər məni polis bölməsindən rahatca yola salıblarsa, bəs telefonum niyə orada qalmışdı və biz onu yalnız iki gündən sonra ala bildik?”

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu ictimai-siyasi fəalların 2021-ci il dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.

Üz-gözündən ağır xəsarətlər alan Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunub.

Dekabrın 3-dən siyasətçinin şikayətini araşdıran Səbail Rayon Prokurorluğu cinayət işi qaldırmayıb. Baş Prokurorluğun 12 yanvar 2022-ci il məlumatında bildirilib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmayıb, cinayət hadisəsi olmaması əsas gətirilərək toplanmış material üzrə cinayət işinin başlanması 2021-ci il dekabrın 30-da rədd edilib.

1 dekabr 2021-ci il aksiyasında siyasətçinin qızı Nigar Həzi də iştirak edib, tutularaq Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, sonra atası da ora gətirilib. Nigar Həzinin sözlərinə görə, atası ona polis maşınında döyülə-döyülə gətirildiyini deyib. Az sonra polis kapitanı Tofiq Yaqublunu bölmənin girişindəki sağ yan dəhlizin ən son otağına aparıb: “Arxa qapıdan apararlar deyə mən də getdim. Kapitan ata ilə bərabər otağa daxil olanda mənə dedi ki, burada gözləməyin, biz sadəcə izahat alacağıq. Məni həmin otağın yanından uzaqlaşdırdılar. Ancaq gözümü qapıdan çəkmirdim. Bir müddət elə gözlədim”.

Nigar Həzi qeyd edir ki, Tofiq Yaqublunun aparıldığı dəhlizin sol tərəfindəki ilk otağa mülki geyimli iki-üç nəfərin keçdiyini görüb, ardınca özünü bölmənin rəisi kimi təqdim edən mülki geyimli şəxs onu oradan uzaqlaşdırıb: “Mən həmin otaqdan taqqıltı səsləri eşidirdim. Bölmənin digər polisləri də başlarını əyib o otağa sarı baxırdılar. Sonradan ata deyir ki, məni həmin otağa aparıb əlimi arxadan qandalladılar və döyməyə başladılar. Mən bundan xəbərsiz idim…

Daha sonra izahat almaq üçün məni sol tərəfdəki dəhlizə apardılar. İzahat alan polis məni otaqda xeyli saxladı. Həmin müddətdə atanı çoxdan polis bölməsindən çıxarıbmışlar…

Mən izahat verib otaqdan çıxandan sonra digər saxlananlardan atanı görüb-görmədiklərini soruşdum. Biri dedi ki, 20 dəqiqə əvvəl gördüm, başqa otağa keçdi. Arxayın oldum ki, ata bölmədədir. Hələ arada bayaqkı kapitandan da soruşdum, atanın izahat verdiyini deyib aralandı…

Bizi ondan sonra xeyli saxladılar. Xanımları axşam saat 7-nin yarısına kimi buraxdılar. Polis bölməsinin önündə digərlərinin də çıxmasını gözləyəndə telefonuma tanımadığım nömrədən zəng gəldi. Telefonu açanda atanın səsini eşitdim. Dedi ki, Nigar, məni buraxıblar, Ələtdəyəm, məni döyüblər, gözüm görmür…”

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.

Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.

Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Bənzər yazılar

Back to top button