Hadisə

Polad Aslanovun həyat yoldaşı Baş Prokurorluq qarşısında etiraz aksiyası keçirib

Jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-də Baş Prokurorluq binası qarşısında növbəti etiraz aksiyası keçirib.

O, baş prokuror Kamran Əsədovla görüş tələb edib.

Aslanova jurnalistlərə həyat yoldaşının 2,5 ildir qanunsuz olaraq həbsdə saxlanıldığını və onun cinayət təqibinə son qoyulmasını tələb etdiyini bildirib.

DİN-in Çevik Polis Alayının əməkdaşları onun Baş Prokurorluq binasına daxil olmasına imkan verməyiblər. Aslanovaya qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə Aslanova Səbail rayon 9-cu polis bölməsinə aparılıb.

O, daha sonra sərbəst buraxılıb. “Mənə izahat yazdırmaq istəyirdilər.

Mən isə belə olan təqdirdə vəkilimin dəvət olunmasını tələb etdim. Bundan sonra məni sərbəst buraxdılar”, – G.Aslanova bildirib.

Aksiyadan əvvəl Aslanova Turan-a bildirib ki, əri bu gün zəng edib və yanvarın 6-da başladığı aclığı davam etdirdiyini deyib.

Onun sözlərinə görə, şənbə günü Poladdan təhlil üçün qan götürülüb və elektrokardioqram çəkilib. Onun güclü nəfəs darlığı var və o, çox zəifdir.

Bu arada “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı yaydığı bəyanatda Polad Aslanovun vəziyyətindən narahatlığını ifadə edib.

Ombudsman nümayəndələri ona baş çəkdikdən sonra saxlanma şəraiti yaxşılaşıb, amma ona tam tibbi yardım göstərilmir.

Səhhətində aclıq zamanı daha da dərinləşən xroniki problemləri nəzərə alaraq, “Müdafiə Xətti” Ədliyyə Nazirliyi rəhbərliyini müdaxilə etməyə və onun həyatına olan təhlükəni aradan qaldırmağa çağırıb. Təşkilat həmçinin siyasi məhbus kimi tanınmış Polad Aslanovu azad etməyə çağırıb.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Jurnalist yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbi ilə aclıq edir. Aclıq aksiyasının 9-cu günü məlum olub ki, Ali Məhkəmə P.Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Bənzər yazılar

Back to top button