İqtisadiyyat

Ekspert ətin bahalaşması səbəblərini açıqladı

İqtisadçı Rövşən Ağayev Azərbaycan bazarında ətin bahalaşmasını şərh edib.

Ekspert yazır ki, ölkədə fermerlərin mənafeyini qoruyan normal assosiasiya və birliklər olsa, onlar bahalaşmanı əsaslandırardı: “Amma heyf ki, yoxdur. Ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığını daşıyan fermerlərin qədir-qiyməti bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə yox.

Söhbət süd-ət-yem paritetinin müntəzəm hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasından gedir.

Beynəlxalq təcrübədə südün optimal qiyməti süd-yem paritetinin 1:1,5 həddinə əsaslanır. Yəni fermer satdığı 1 litr südlə 1,5 kiloqram yağlı yem ala bilməlidir. Hazırda Azərbaycanın süd zavodları 1 litr südü kəndlidən maksimum 45 qəpiyə alır. Bu halda gərək 1 kiloqram kalorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının 1 kiloqramı minimum 60 qəpik, xüsusi tərkibli kalorili yemin 1 kiloqramı 80 qəpikdir. Yəni 1 kiloqram yemin qiyməti orta hesabla 70 qəpiyə çıxır, fermer satdığı südün qiymətinə 0,6 kiloqram yem ala bilir.

Eyni paritet ətə münasibətdə də mövcuddur – 1 kiloqram ətin qiyməti 20 kiloqram kalorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hazırda 1 kiloqram qoyun ətinin müqabilində 15 kiloqram, 1 kiloqram mal əti müqabilində 12 kiloqram kalorili yem almaq mümkündür.

Ölkədə yem bahadır. Qiyməti salmağın yolları barədə ciddi düşünmək lazımdır. Yeri gəlmişkən, soyanın kəskin bahalanması quş istehsalçıları üçün ciddi problemlər yaradır”.

Bənzər yazılar

Back to top button