Dünya

Bayden Ukraynaya kiberhücum haqda məlumatlandırılıb

ABŞ prezidenti Cozef Bayden Ukraynaya qarşı həyata keçirilən kiberhücumlar haqda məlumatlandırılıb. Novator.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi açıqlayıb.

O deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynada kiberhücumlara məruz qalmış dövlət saytlarının bərpa olunması, eyni zamanda hücumların araşdırılması işinə yardım göstərməyə hazırdır və bu təklif artıq Kiyevə çatdırılıb.

Yanvarın 14-də Ukraynanın Xarici İşlər, Energetika və Mülki Müdafiə nazirliklərinin internet səhifələri də daxil olmaqla bir sıra elektron sistemləri kiberhücumlara məruz qalıb.

Kibercinayətkarlar müdaxilə etdikləri internet səhifələrində belə bir xəbərdarlıq yerləşdiriblər: “Sizin bütün şəxsi məlumatlarınız ələ keçirilib, kompüterinizdəki informasiyalar isə həmişəlik məhv edilib. Artıq sizinlə bağlı məlumatlara hər kəs daxil ola bilər. Qorxun və bundan betərini gözləyin”.

Hücumlar nəticəsində bəzi hökumət saytlarına giriş məhdudlaşıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov hücumların arxasında Rusiyanın dayandığını bəyan edib.

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan yanvarın 16-da CBS kanala deyib ki, hücumları Rusiyanın təşkil etdiyi sübuta yetirilsə, ABŞ bunu cavabsız qoymayacaq.

Rusiya rəsmiləri həmişəki kimi hücumlarda Moskvanın əli olduğunu təkzib ediblər.

NATO-nun baş katibi Yens Stoltenberq də kiberhücumları pisləyib. O, alyansa üzv olan ölkələrdə fəaliyyət göstərən mütəxəssislərin Ukrayna saytlarının bərpası işinə hər cür dəstək verəcəklərini vurğulayıb.

Baş katib onu da bildirib ki, NATO yaxın günlərdə kibermüdafiə ilə bağlı məlumat mübadiləsi üçün Ukraynaya platforma təqdim edəcək.

ABŞ-ın “Microsoft” texnologiya şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri artıq Ukraynaya haker hücumları zamanı istifadə olunmuş zərərli proqramı tapıb üzə çıxarıblar. Onlar həmin proqram vasitəsilə Ukraynada kompüterlərin sərt disklərinə müdaxilələrin həyata keçirildiyini söyləyiblər.

“Microsoft”un açıqlamasında deyilir ki, şirkətin kəşfiyyat mərkəzi zərərli proqramın işə salındığını hələ yanvarın 13-də qeydə alıbmış.

“Microsoft” kiberhücumların Ukraynada dövlət saytlarını sıradan çıxarmağa hesablandığını bəyan edib.

Bənzər yazılar

Back to top button