Siyasət

Apellyasiya Məhkəməsi İbadoğlunun səmərəli tibbi yardım göstərilməməsinə dair şikayətini təmin etməyib

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi Qubad İbadoğlunun İstintaq Təcridxanasında səmərəli tibbi yardım göstərilməməsi haqqında şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, İbadoğluna heç bir tibbi yardım göstərilmir, hətta arterial təzyiqi də ölçülmür. O, iki dəfə natamam müayinə edilib, nəticələr isə gecikmə ilə verilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin təlimatına baxmayaraq, İbadoğlunun ürəyinin kompüter tomoqrafiyası çəkilmir.

Son iki həftədə İbadoğlu kürəyində ağrılardan şikayət edib və yalnız şənbə günü onun yanına həkim göndərilib. Maqnit-rezonans tomoqrafiyasına (MRT) ehtiyac olmasına baxmayaraq, İbadoğlunu müayinə edən həkim belə bir tibbi göstəriş verməyib, deyə vəkil bildirib.

Müxalifətçinin qardaşı Qalib Bayramov deyib ki, İbadoğlunun səhhəti pisləşməyə başladığı zaman ailəsi Gürcüstandan həkim dəvət etməyi təklif edib, bu müraciətə cavab verilməyib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib.

Avqustun 25-də ona qarşı daha bir ittiham – “dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” ittihamı irəli sürülüb.

Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bənzər yazılar

Back to top button