Cəmiyyət

Təhsil Nazirliyi 20 yanvar faciəsinin işıqlandırılmasında səhvini etiraf edib

Azərbaycanda yanvar faciəsinin (1990-cı il) 32-ci ildönümü ərəfəsində Təhsil Nazirliyi təhsil müəssisələrində anım dərslərinin və tədbirlərin keçirilməsi barədə nazirin əmrini dərc edib.

Müəllimlər bu işdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş məktəblilər üçün dərsliklərdən və müəllimlər üçün metodik vəsaitdən istifadə edəcəklər. Azərbaycan məktəblərinin dördüncü sinifləri üçün rus dilinin dərsliyinin 79-cu fəslində “20 Yanvar –anım və hüzn günü” adlı mətn yerləşdirilib. Mətndə deyilir ki, Bakıda dinc vətəndaşların güllələnməsi sovet ordusu ilə Azərbaycan Xalq Cəbhəsinin üsyançıları arasında döyüşlər zamanı baş verib.

Bununla işarə edilir ki, 131 azərbaycanlının ölümünə və 744 nəfərin yaralanmasına görə günahın bir hissəsi respublika vətəndaşlarının – “Xalq Cəbhəsinin silahlı üsyançıları”nın üzərinə düşür.

Digər məktəb dərsliklərində belə bir fikir yoxdur. Yuxarı siniflər üçün vəsaitlərdə birmənalı olaraq sovet hərbi qulluqçularının dinc əhaliyə qarşı zorakılığından bəhs edilir.

Ötən il faciənin 31-ci ildönümündə Azərbaycan prezidentinin saytında yazılmışdı ki, sovet ordusu SSRİ-nin ermənipərəst siyasətinə etiraz edən dinc nümayişçiləri güllələyib. 20 yanvar hadisəsi “kütləvi terror” adlandırılıb. Prezidentin saytında “üsyançılar” haqda heç nə deyilməyib.

Antiazərbaycan mətnli dərsliyin səhifəsi sosial şəbəkələrdə yayılıb və narazı oxucular tərəfindən fəal şəkildə müzakirə edilir.

Təhsil Nazirliyi Turan-dan sorğu alıb. Eyni məsələ nazirliyə digər KİV-lərdən də daxil olub. “Şərq-Qərb” nəşriyyatı cavab verib, 2019-cu ildə çapdan çıxmış dərslikdə səhv olduğunu etiraf edib. Həmin dərsliyin elektron versiyası www.trims.edu.az-da səhv düzəldilib, nəşriyyat məlumat verib.

Düzəldilmiş mətndə 20 yanvar 1990-cı il hadisəsi qanuni azadlıq tələbilə silahlı imperiyaya qarşı çıxmış Azərbaycan xalqının qəhrəmanlığı kimi qiymətləndirilir.

Bənzər yazılar

Back to top button