Dünya

Blinken və Lavrovun görüşü ərəfəsində ABŞ Rusiya ilə bağlı həyəcan təbili çalır

Vaşinqton çərşənbə axşamı xatırladıb ki, Rusiya “istənilən an” Ukraynaya zərbə endirə bilər, bu barədə TURAN-ın Amerikadakı müxbiri bildirib.

“Bu, həddindən artıq təhlükəlidir. Biz indi Rusiyanın istənilən an Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik”, deyə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə Moskvanın Ukrayna ilə sərhədə 100 000 hərbiçi cəmləşdirməsinə və bu yaxınlarda hərbi təlim üçün Belarusa qüvvə göndərməsinə istinadən bildirib.

Vaşinqtona “aydın idi” ki, diplomatik müstəvidə yalnız gərginliyin azaldılması şəraitində əhəmiyyətli irəliləyiş əldə edilə bilər. “Amma biz Rusiyadan tam əksini gördük, bu ayın əvvəlində Avropada diplomatik görüşlərimiz zamanı da, onlardan sonra da…”.

“Prezident Putin Ukrayna sərhədi boyunca 100 000 Rusiya hərbiçisi yerləşdirərək, bu böhranı yaradıb. Buraya ötən həftə Belarusa Rusiya qoşunlarının göndərilməsi də daxildir. Bu, təlim və qoşunların adi yerdəyişməsi deyil, bu, böhrandır, belə ki, Rusiya mümkün işğalı planlaşdırır”, deyə məmur bildirib.

ABŞ, onun NATO üzrə müttəfiqləri və Rusiya arasında bir həftə davam edən intensiv diplomatik danışıqlardan sonra dövlət katibi Entoni Blinken gərginliyi aradan qaldırmağa cəhd etmək üçün Ukrayna və Almaniya rəhbərliyi ilə görüşmək üçün Kiyevə və Berlinə yola düşür. Dövlət katibi həmçinin bu cümə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Blinken və Lavrov çərşənbə axşamı telefonla danışıblar və görüş haqqında razılıq əldə ediblər.

Vaşinqton rusları gərginliyi aradan qaldırmağa və diplomatik yolu seçməyə çağırmağı planlaşdırır, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib və Kreml Ukraynanı işğal etmək qərarına gəlsə, bunun ciddi nəticələri olacağını təkrar edib.

“Rusiyanın iki variantı var – diplomatiya və gərginliyin aradan qaldırılması və ya gərginlik və ciddi nəticələr. Birləşmiş Ştatlar əvvəlki kimi diplomatiyaya sadiqdir və bunun irəliyə doğru ən yaxşı və ən məsuliyyətli yol olduğunu hesab edir”.

“Düşünürəm ki, Rusiya hökumətinin həqiqətən diplomatiyada maraqlı olduğunu, ciddi və vicdanlı danışıqlara hazır olduğunu və ya diplomatiyanın Moskvanın maraqlarına cavab vermədiyini bəyan etmək üçün bəhanə kimi müzakirələrdən istifadə edəcəyini demək hələ çox tezdir”, deyə məmur əlavə edib.

Rusiya Ukraynanın işğalını davam etdirsə “biz ukraynalılara artıq verdiyimiz müdafiə vasitələrindən əlavə olaraq yeni müdafiə vasitələri verəcəyik”, deyə məmur bildirib.

Bayden Administrasiyası Belarusa Rusiya qoşunlarının göndərilməsini də narahatlıqla müşahidə edir, onlar bu qoşunlardan Ukraynaya şimaldan hücum üçün istifadə edilə biləcəyindən ehtiyatlanır, deyə cümə axşamı Dövlət Departamentinin digər yüksək vəzifəli məmuru jurnalistlərə bildirib.

Vaşinqton Rusiyanın Lukaşenkonun həssaslığından istifadə edə biləcəyindən narahatdır.

“Zaman keçdikcə Lukaşenko bütün dəstək növlərində Rusiyaya getdikcə daha çox arxayın olub və biz bilirik ki, Putin bu dəstəyi qarşılıqsız vermir.

O, tamamilə Rusiyanın tərəfinə keçib, ya ümumiyyətlə Belarus ərazilərindən necə istifadə edildiyinə o qərar verirmi? Biz bu təlimlərə baxdıqda və Belarus daxilindəki siyasi dinamikanı müşahidə etdikdə, bax, bu cür suallar yaranır”, deyə məmur əlavə edib.

Bənzər yazılar

Back to top button