İqtisadiyyat

İnflyasiyanı necə hesablamalı?

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycanda istehlak qiymətləri 2020-ci ilə nisbətən 6,7 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.

Novator.az bildirir ki, açıqlamaya münasibət bildirən iqtisadçı Rövşən Ağayev rəsmi statistika təcrübəsində üç növ inflyasiya rəqəmi olmasına diqqət çəkir: “Aylıq inflyasiya – məsələn, mart ayında fevral ayına nisbətən bahalaşma. Orta illik inflyasiya – son 12 ayın orta göstəricilərinin toplanıb ayların sayına bölünməsi. İllik inflyasiya – ilin hər ayı üzrə qiymət dəyişməsinin ötən ilin eyni ayı ilə müqayisəsi.

Azərbaycanda əsas inflyasiya rəqəmi kimi orta illik inflyasiya göstəricisi elan edilir. Türkiyədə illik inflyasiya variantı əsas götürülür.

Əvvəlki və cari ilin müxtəlif ayları üzrə inflyasiya rəqəmləri arasında kəskin fərq olmayanda orta illik və illik inflyasiya göstəricilərində kəskin kənarlaşma yaranmır. Məsələn, 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,6 faiz, illik inflyasiya 2,8 faiz göstərilib.

Amma 2021-ci ildə aylıq inflyasiya göstəricilərinin bir-birindən kəskin fərqlənməsi başqa mənzərə yaradıb: orta illik inflyasiya 6,7 faiz, illik inflyasiya 12 faiz olub”.

Ekspert qeyd edir ki, istehlakçı üçün hər hansı ayda iki göstərici – qiymətlərin əvvəlki ilin eyni ayına və cari ilin əvvəlki ayına nisbətən necə dəyişməsi maraqlıdır: “İstehlakçının 2021-ci ilin dekabr ayında aldığı məhsul və xidmətlərin qiyməti bir öncəki ilə nisbətən 12 faiz çox olub. 12 faiz baha məhsul və xidmət istehlakı müqabilində rəsmi statistikanın 6,5 faiz inflyasiyadan danışması məntiqli deyil.

Həm də orta göstəricilər əksər hallarda real mənzərəni əks etdirmir. Bunu orta gəlir, əməkhaqqı kimi göstəricilərin timsalında da görmək olur.

2021-ci ildə Türkiyədə illik inflyasiya 36,08 faiz elan edilib. Bu, 2021-ci ilin dekabrındakı qiymət səviyyəsinin 2020-ci ilin dekabrına nisbətən dəyişməsi göstəricisidir. 12 aylıq ortalama inflyasiya 19,6 faiz olsa da, bütün rəsmi hesablamalar və istinadlar məhz illik göstəriciyə – 36,08 faizə əsaslanır.

Azərbaycan hökuməti orta inflyasiya deyil, illik inflyasiya göstəricisini əsas götürsə, 6,7 faizə yox, 12 faizə istinad edəcəkdi. Qida inflyasiyası 15 faizdən çox göstəriləcək, real gəlirlərin indi elan olunanla müqayisədə iki dəfə çox azaldığı bəyan olunacaq, maaş və sosial ödənişlərdə, yaşayış minimumu dəyərində artım 6,7 faizlik deyil, 12 faizlik illik inflyasiya ilə müqayisə ediləcəkdi”.

Bənzər yazılar

Back to top button